“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Tarix Muzeyindən zəngin təəssüratla ayrılıblar - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında paytaxt Bakıya maarifləndirici tur-aksiyası davam edir. Tur-aksiyada Naxçıvan Muxtar Respublikasının 1 şəhər və 7 rayonunun orta ümumtəhsil məktəblərindən 160 şagird, 20 müəllim iştirak edir.
NUHÇIXAN xəbər verir ki, tur-aksiya çərçivəsində məktəblilər martın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Məktəblilər muzeydə Azərbaycan tarixini ən qədim dövrlərdən bu günə qədər əks etdirən eksponatlarla tanış olublar. Şagirdlər Azərbaycan xalqının qədim keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə ediblər.
Neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanışlıq onlarda böyük maraq doğurub. Məşhur xeyriyyəçinin mülkündə yerləşən muzey binasının tarixi şagirdlərin xüsusi marağına səbəb olub.
Tur-aksiya iştirakçılarına bildirilib ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat nümayiş olunur. Muzeyin Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrinin bariz nümunəsidir.
Şagirdlər Milli Azərbaycan Tarixi Muzeyindən zəngin təəssüratla ayrılıblar.
Tur-aksiyanın iştirakçıları adından muzeyə Naxçıvan Muxtar Respublikasının tarixindən bəhs edən kitab hədiyyə olunub.
Xatırladaq ki, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.