Naxçıvan məktəbliləri Milli İncəsənət Muzeyində olublar - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında paytaxt Bakıya maarifləndirici tur-aksiyası davam edir. Tur-aksiyada Naxçıvan Muxtar Respublikasının bir şəhər və 7 rayonunun orta ümumtəhsil məktəblərindən 160 şagird, 20 müəllim iştirak edir.
NUHÇIXAN xəbər verir ki, tur-aksiya çərçivəsində məktəblilər martın 18-də Milli İncəsənət Muzeyində olublar.
Onlara muzeyin fəaliyyəti, burada qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumat verilib. Bildirilib ki, 1936-cı ildə yaradılan muzeydə orta əsrlərə, intibah dövrünə, qədim Azərbaycana aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri nümayiş olunur. Muzeyin ümumilikdə daimi ekspozisiyasında 3000-dən çox əsər sərgilənir, 1700-dən çox eksponat saxlanılır.
Şagirdlər muzeydə Bəhruz Kəngərlinin, Əzim Əzimzadənin, Toğrul Nərimanbəyovun, Səttar Bəhlulzadənin, Nadir Qasımovun və digər rəssamların əsərləri ilə tanış olublar.
Tur-aksiya iştirakçıları adından muzeyə Naxçıvan Muxtar Respublikasının tarixindən bəhs edən “Naxçıvan Şərqin əfsanəsi” kitabı hədiyyə olunub.
Məktəblilər Milli İncəsənət Muzeyi ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.
Xatırladaq ki, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.