Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans təşkil olunub - VİDEO
Noyabrın 5-də Naxçıvan Muxtar Respublikasında 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib.
NUHÇIXAN xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərində yerləşən Zəfər abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Sonra ali təhsil ocağında İncəsənət fakültəsinin tələbələrinin Zəfər Gününə həsr olunan əl işlərinin nümayiş etdirildiyi sərgiyə baxış olub.
Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxış edərək, Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində milli birliyimiz daha da güclənib və 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi həlledici amil olub.
Baş nazir Zəfər Gününün tarixi önəmindən bəhs edib, bu tarixin hər bir azərbaycanlı üçün qürur və minnətdarlıq günü olduğunu ifadə edib.
“Beş il öncə qazanılmış tarixi Zəfər sadəcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün dünyaya sahib olduğumuz əsl gücü nümayiş etdirdi”, - deyə Ceyhun Cəlilov qeyd edib. Baş nazir əlamətdar gün ilə bağlı keçirilən konfransı tarixi Qələbəni gələcək nəsillərə milli irs, vətənpərvərlik və strateji düşüncə nümunəsi kimi ötürülməsi yollarını müəyyənləşdirmək, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq proseslərini, iqtisadi inkişaf imkanlarını və “postmüharibə dövrü” strategiyalarını təhlil etməyə yönəlmiş elmi mübadilə platforması adlandırıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunub. Beşinci ildir ki, 8 Noyabr - Zəfər Gününü milli qürur duyğusu ilə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun döyüş meydanında qazandığı Qələbə tarixi ədaləti bərpa edib, Azərbaycanı regional güc mərkəzinə çevirib, həm də informasiya cəbhəsində ölkəmizə qarşı qərəzli kampaniyalara son nöqtəni qoyub. Bu möhtəşəm Zəfərə ötən illər ərzində ölkədə iqtisadi, siyasi, təhsil, ordu quruculuğu və ideoloji sahədə müəyyənləşdirilən hədəflərin zəmin yaratdığını diqqətə çatdıran rektor vurğulayıb ki, Azərbaycan dünyaya hər zaman sülh, sabitlik, inkişaf, əməkdaşlıq kimi təməl prinsipləri əsas tutan, beynəlxalq aləmdə öz imzası ilə seçilən etibarlı tərəfdaş olduğunu sübut etdi.
Elbrus İsayev XXI əsrdə müasir hərb tarixinə öz yeni döyüş təcrübəsini gətirən, Zəfər paradı keçirən yeganə ölkə olan Azərbaycanın regionda yaratdığı reallıqlardan söz açıb. “Konfrans 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin hərbi-siyasi, diplomatik, iqtisadi və mədəni aspektlərini elmi müstəvidə araşdırmaq, Zəfərin yaratdığı yeni reallıqları və regionda sülhün bərqərar olunmasında rolunu müzakirə etmək məqsəd ilə təşkil olunub”, - deyə rektor bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Milli Məclisin deputatı Vüqar Rəhimzadə Zəfər Gününün tarixi-siyasi önəmindən danışıb, regiona gətirdiyi yeni perspektivlərə diqqət çəkiblər.
Sonra Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin ifasında konsert proqramı təqdim olunub.
Konfrans işini “Zəfər tarixi və hərbi siyasi irs”, “Tarixi Zəfərdən sonra: iqtisadiyyat və yenidənqurma”, “Tarixi Zəfərimiz mediada”, “Müharibə və sülh proseslərində beynəlxalq hüququn tətbiqi” mövzularında panel müzakirələrlə davam etdirib.