Dövlət İmtahan Mərkəzi (DİM) ingilis dili üzrə biliyin qiymətləndirilməsi ilə bağlı ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramına iştirakçı qəbulu elan edir.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, “Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub və amerikalı ingilis dili mütəxəssisi Natan Kar tərəfindən həyata keçiriləcək.
Proqramın gündəliyində xarici dil üzrə Ümumavropa Çərçivə Sənədinin (CEFR) təqdimatı, ingilis dili üzrə biliyin qiymətləndirilməsi zamanı bu çərçivə sənədindən istifadə ilə bağlı tövsiyələr, müxtəlif ingilis dili bacarıqlarının (dinləmə, oxu, yazı, danışıq) qiymətləndirilməsi barəsində xüsusi təlimlər nəzərdə tutulub.
Təlimdə iştirak etmək istəyən şəxslər CV-lərini 2019 cu il mart ayının 26-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “ELS program participant” yazaraq göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra proqramda iştirak üçün məhdud sayda namizədlər seçiləcək.