Culfa rayonunda məktəb direktorları üçün Əməyin mühafizəsi üzrə təlim keçirilib - FOTOLAR

A- A A+

Noyabrın 18-də “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Culfa rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları üçün “Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası” mövzusunda təlim keçirilib. Təlimdə ümumilikdə 30 məktəb direktoru iştirak edib. Tədbirin məqsədi təhsil müəssisələrində təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması, potensial risklərin erkən aşkar olunması və əməyin mühafizəsi mədəniyyətinin gücləndirilməsi olub.

NUHÇIXAN xəbər verir ki, təlim çərçivəsində “Əməyin Mühafizəsi Mərkəzi”nin Naxçıvan filialının əməkdaşı Mahmud Rzalı potensial təhlükələrin və risklərin öncədən müəyyənləşdirilməsi, məktəblərdə əməyin mühafizəsi tədbirlərinin təşkili, iş şəraitində mobinq hallarının qarşısının alınması və təhlükəsiz davranış qaydaları barədə iştirakçılara geniş təqdimatla çıxış edib. O, həmçinin iş yerlərinin attestasiyasının həyata keçirilməsi zamanı nəzərə alınmalı normativ tələblər və idarəetmə mexanizmlərini izah edib.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli əməyin mühafizəsinin insan sağlamlığının qorunmasında, istehsalat risklərinin azaldılmasında və təhlükəsiz iş şəraitinin təmin olunmasında oynadığı rolu iştirakçıların diqqətinə çatdırıb. O, əməyin mühafizəsi qaydalarının icrası, bədbəxt hadisələrin qarşısının alınması və nəzarət mexanizmlərinin tətbiqi barədə məlumat verib.

Təlim interaktiv müzakirələrlə davam edib, direktorlar öz müəssisələrində rast gəlinən riskləri paylaşaraq, onların aradan qaldırılması istiqamətində mütəxəssislərlə fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: