Azərbaycan–Çin əməkdaşlığı çərçivəsində Naxçıvan məktəbləri rəqəmsallaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan–Çin təhsil əməkdaşlığı çərçivəsində həyata keçirilən "İnteraktiv Təhsil Yardımı" layihəsi Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun gücləndirilməsini hədəfləyir:
"Layihə maddi dəstəkdən daha çox konkret infrastruktur və avadanlıqların təmin olunması xarakteri daşıyır. Bu çərçivədə 216 məktəbin rəqəmsallaşdırılması, həmin təhsil müəssisələrinin fiber-optik internetə qoşulması həyata keçirilir.
Bununla yanaşı, şagirdlərə 2300 planşetin verilməsi, məktəblərdə idarəetmə və rəqəmsal mühitin qurulması üçün server və data mərkəzinin yaradılması, həmçinin 24 məktəbin kameralaşdırılması nəzərdə tutulur".
