Naxçıvanda məktəblilər arasında debat çempionatına start verilib - FOTOLAR
Noyabrın 28-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəblilər arasında “Şagirdlərin nailiyyət qazanmasında məktəb əsas faktordur” mövzusunda debat çempionatına start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, layihənin ilk mərhələsi çərçivəsində Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə debatla bağlı təlim keçirilib. Təlim sessiyası 2, 5 və 12 nömrəli tam orta məktəblərin komandaları arasında reallaşıb. Şagirdlərə debat qaydaları, arqument qurma, məntiqi çıxış, sual-cavab və təqdimat bacarıqları üzrə ilkin praktiki və nəzəri bilgilər verilib.
Layihə çərçivəsində növbəti günlərdə digər məktəblərdə də təlim mərhələsi davam etdiriləcək, daha sonra isə seçmə raundları təşkil olunacaq. Hər məktəbin qalib komandası dekabrın 19-da keçiriləcək final mərhələsində iştirak hüququ əldə edəcək.
Debat çempionatı gənclərin tənqidi düşüncə, nitq mədəniyyəti, komanda işi və analitik bacarıqlarının inkişafına yönəlib.