Milli Azərbaycan Tarixi və İncəsənət muzeyləri Naxçıvan məktəblilərində xoş təəssürat yaradıb - FOTOLAR
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi və Azərbaycan Milli İncəsənət muzeylərində olublar.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan MR-nın şəhər və rayonlarının orta ümumtəhsil məktəblərinin olan 160 nəfər 9-11-ci sinif şagirdi və onları müşayiət edən müəllimlər əvvəlcə Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin zəngin tarixini əks etdirən sərgi və eksponatlarla, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi, ona məxsus əşyalar, fotoşəkillər və s. ilə tanış olublar. Onlara, həmçinin arxeoloji qazıntılar zamanı aşkarlanan və müxtəlif əsrlərə aid olan arxeoloji materiallar haqqında məlumatlar verilib. Qeyd edilib ki, muzeydə müxtəlif dövrlərə aid üç yüz mindən çox eksponat qorunub saxlanılır.
Sonra məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyində müəssisənin fəaliyyəti və burada qorunan eksponatlar ilə tanış olublar.
Bildirilib ki, muzeydə orta əsrlərə, intibah dövrünə aid eksponatlar, rəsm əsərləri, tətbiqi incəsənət nümunələri nümayiş etdirilir. Burada Azərbaycan, Rusiya və Qərbi Avropa ölkələrinin, o cümlədən məşhur alman, italyan, fransız rəssamlarının müxtəlif janrlarda yaratdıqları əsərlər saxlanılır.
Muzeydə məktəblilər Azərbaycanın qədim və müasir incəsənət nümunələri, II minilliyə aid məişət əşyaları, X-XVIII əsrlərə dair eksponatlar barədə məlumatlar əldə ediblər. Onlar Toğrul Nərimanbəyov, Bəhruz Kəngərli, Tahir Salahov və digər rəssamların muzeydə nümayiş etdirilən əsərləri ilə tanış olublar.
Muzeylərlə tanışlıq şagirdlərdə zəngin təəssürat doğurub.
Bununla da Naxçıvan məktəblilərinin Bakıya ekskursiyası başa çatıb.
Xatırladaq ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.