NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında bilik Fondunun 2019-cu il üzrə tədbirlər planına əsasən “Pedaqoji fikir tarixindən” adlı kitab nəşr olunub. “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi tərəfindən çap edilən kitabda 19-20-ci əsrlərdə yaşayan Azərbaycan və Rusiya pedaqoqları, yazıçıları və ictimai xadimlərinin maraqlı fikriləri toplanıb.
Kitabda ilk olaraq ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məşhur məktubun mətni verilib. Yeni nəşrdə publisist-politoloq Reyhan Mirzəzadənin rus pedaqoqları Uşinski, Çernyayevski, Suxomlinski və Anton Makarenkonun peqadoji görüşlərinə həsr etdiyi yazıları da öz əksini tapıb. Bundan başqa rus yazıçısı Maksim Qorkinin və 19-20-ci əsrlərdə Azərbaycanda maarifçilik hərəkatının görkəmli xadimləri olan Cəlil Məmmədquluzadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Hüseyn Cavid, Eynəli bəy Sultanov, Məmmədağa Şahtaxtlının və Məmməd Səid Ordubadinin əsərlərindən seçmələr də yer alıb.
Kitab geniş oxucu auditoriyası, pedaqoqlar və tələbələr üçün maraqlı elmi mənbədir.