Umut Yıldız: “Naxçıvan Dövlət Universiteti elm və sənətin canlı sintezini yaradan aparıcı mərkəzdir”

A- A A+

Dekabrın 18-i Naxçıvan Dövlət Universitetinin elm və mədəniyyət salnaməsində xüsusi bir tarix kimi yadda qaldı. Universitetin dəvəti və təşkilatçılığı ilə türkiyəli tanınmış astrofizik alim Umut Yıldızın Naxçıvana ilk səfəri baş tutdu. Bu səfər sadəcə elmi görüş deyildi – elm, musiqi və düşüncənin bir səhnədə qovuşduğu mənəvi hadisə idi.

Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında təqdim olunan “Kosmosun səsi” adlı konsert proqramı kainatın ritmini simfonik musiqinin dili ilə auditoriyaya çatdırdı.

Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Konsert proqramının əsasını görkəmli ingilis bəstəkarı Qustav Holstun “Planetlər” silsiləsi təşkil etdi. “Mars – Müharibə gətirən”, “Venera – Sülh gətirən”, “Merkuri – Qanadlı elçi”, “Yupiter – Şadlıq gətirən”, “Saturn – Qocalıq gətirən”, “Uran – Sehrbaz” və “Neptun – Mistik” əsərləri səsləndirilərkən Umut Yıldız səhnədən planetlərin elmi xüsusiyyətlərini izah edərək musiqi ilə elmi bilik arasında canlı və təsirli körpü yaratdı:

– Umut bəy, “Kosmosun səsi” ideyasının mərkəzində nə dayanırdı?

– Bu layihə elmə yalnız ağıl deyil, həm də hisslər vasitəsilə yaxınlaşmaq istəyi idi. Qustav Holst “Planetlər” əsərini yazarkən kainatı öz dövrünün bilikləri ilə hiss edib, musiqiyə çevirib. Mən isə həmin planetləri bu günün elmi reallıqları ilə anlatdım.  Musiqidən sonra elmi izahı, daha sonra isə musiqini dinləmək insanın kainata münasibətini dəyişir.

Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri bu ideyanı böyük peşəkarlıqla həyata keçirdi.

– Konsertdə professor-müəllim heyətinin fəal iştirakı diqqət çəkirdi. Bu, sizdə hansı təəssürat yaratdı?

– Açıq deyim ki, məni ən çox təsirləndirən məqam məhz bu oldu. Səhnədə elm danışarkən zalda onu anlayan, sual verən, müzakirəyə açıq professorların əyləşməsi çox dəyərlidir. Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin tədbirdə təkcə tamaşaçı kimi yox, düşünən, hiss edən, elmi prosesin içində olan tərəf kimi iştirakı bu ali təhsil ocağının gücünü göstərir. Bu, sadəcə konsert deyil, həm də universitetin elmi ruhunun səhnəyə çıxması idi.

– Tələbə və gənclərin tədbirə göstərdikləri maraq sizi qane etdimi?

– Hətta gözləntilərimi belə aşdı. Onların ünvanladığı suallar çox dərin və düşündürücü idi. Tələbələrin elmə bu qədər geniş maraq göstərməsi, professorlarla birlikdə eyni məkanda elmi müzakirəyə qoşulmaları nadir hallarda rast gəlinən mənzərədir. İki gün davam edən görüşlər, elmi söhbətlər, habelə bu anları əbədiləşdirən xatirə fotoları göstərdi ki, qonağı olduğumuz universitetdə elm sadəcə dərs deyil, həyat tərzidir.

– Naxçıvan Dövlət Universiteti haqqında ümumi təəssüratlarınız nədən ibarətdir?

– Açıq şəkildə deməliyəm ki, Naxçıvan Dövlət Universiteti məndə çox dərin təəssürat yaratdı. İlk növbədə bu ali təhsil ocağının geniş kampusu diqqəti cəlb edir. Lakin onun əsas gücü fiziki miqyasında yox, burada formalaşqn elmi və mənəvi mühitdədir. Naxçıvan Dövlət Universitetində elmə verilən dəyər açıq şəkildə hiss olunur.

Professor-müəllim heyətinin tədbirdə göstərdiyi fəallıq, maraq və müzakirəyə açıq olması universitetin daxili intellektual enerjisinin təzahürüdür.

Belə bir layihənin məhz Naxçıvan Dövlət Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilməsi çox böyük əhəmiyyət daşıyır. Universitet burada yalnız təhsil verən qurum kimi deyil, cəmiyyətin elmi və mədəni inkişafını istiqamətləndirən aparıcı mərkəz olaraq da çıxış edir. Elm adamlarının, müəllimlərin, onların ailələrinin və tələbələrin eyni məkanda elm və sənət ətrafında birləşməsi universitet mühitinin canlılığını göstərir.

Naxçıvan şəhərində bu səviyyədə elmi-mədəni layihənin təşkil olunması onu deməyə əsas verir ki, Naxçıvan Dövlət Universiteti auditoriyalarla məhdudlaşmır, eyni zamanda, şəhərə, cəmiyyətə və gələcək nəsillərə xitab edir. Burada gənclər alimləri yaxından görür, onlarla ünsiyyət qurur və özlərinə “mən də edə bilərəm” sualını verirlər. Bu isə bir universitet üçün ən böyük nailiyyətdir.

– Elm yolunu seçmək istəyən gənclərə nə demək istərdiniz?

– Elm öyrənməkdən qorxmasınlar. Elm bəzən çətin və yorucu görünə bilər. Amma gələcək elmi düşünən insanların qurduğu dünyadır. Mühəndislik, fizika, kosmos elmləri ilə məşğul olan gənclər sabah başqalarının istifadə edəcəyi texnologiyaları yaradan insanlar olacaqlar. Onlara tövsiyəm bu olardı ki, məqsədlərini əvvəlcədən müəyyən etsinlər. Dəyişən dünyaya uyğun çevik düşünsünlər və yolun çətinliyindən qorxmasınlar.

Sonda Umut Yıldız Naxçıvan tamaşaçısı haqqında xüsusi fikir bildirdi:

“Buraya gəlməzdən əvvəl demişdilər ki, Naxçıvan insanını məmnun etmək çətindir. Amma gördüm ki, burada insanlar elmə və sənətə çox alışqındır, yüksək zövqə malikdirlər. Təqdimatımızın bu qədər səmimi qarşılanması məni həqiqətən xoşbəxt etdi.”

Beləliklə, Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə gerçəkləşən “Kosmosun səsi” layihəsi bir daha sübut etdi ki, universitet yalnız təhsil məkanı deyil – düşüncənin, elmin və sənətin qovuşduğu mənəvi mərkəzdir.

Bu səhnədə kainat danışdı, musiqi susmadı, elm isə yaddaşlarda iz qoydu.

Aidə İbrahimova 

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: