Hər kəs sadəcə öz elm yolunu, bəziləri isə elmsizlik yolunu seçib bir kənara çəkiləndə elm sahələri arasında uçurum dərinləşdi, bir tərəfdən alim olan adamlar digər tərəfdən cahil qaldılar. Riyaziyyatla məşğul olanlar tarixdən, dillə məşğul olanlar tibdən, bunların heç biri isə sənətdən uzaq düşməli deyildi. Bizdən min il əvvəl yaşayan Rumilər, Xəyyamlar, Nizamilər, Füzulilər dövrlərinin, demək olar, bütün elmlərindən halı idi, biz isə əlimizdə diplumunu tutmadığımız hər şeydən “bu mənim sahəm deyil”,- deyib uzaqlaşırıq.
Hardan yaranmağa başladığı bəlli olmayan bu buz dağı nə vaxtsa əriməli idi…
Bir neçə gün öncə Naxçıvandakı Heydər Əliyev Sarayında türkiyəli astrofizik alim Umut Yıldız NDU Simfonik Orkestrinin “Kosmosun səsi” adlı konsert proqramının fonunda səhnəyə çıxdı. Umut Yıldız 10 il NASA-da çalışıb, hal-hazırda Orta Doğu Texniki Universitetində akademik fəaliyyət göstərir, onlarla elmi məqalənin müəllifidir. “Teleskopumun ucundakı kainat” kitabından da bəlli olur ki, bu insan az qala bütün ömrünü teleskopun başında keçirib.
“Kosmosun səsi” adlı konsert proqramında NDU Simfonik Orkestrinin ifasında məşhur ingilis bəstəkarı Qustav Holstun “Planetlər” silsiləsini dinlədik. Bu əsərdə yeddi planet musiqi vasitəsilə xarakterizə olunur. Umut Yıldız bir planet haqqında elmi biliklərini bölüşürdü, ardınca Qustav Holstun “Planetlər” silsiləsindən uyğun bəstələr NDU Simfonik Orkestri tərəfindən ifa olunurdu. Elm və sənət eyni səhnədə birləşmişdi, beynimizlə ürəyimiz eyni anda cana gəlmişdi, ruhumuz sanki varlığını bir daha təsdiq edirdi.
İlk olaraq Marsı ruhumuzda hiss etdik. Mars savaş və gərginliyi, insanın aqressiv tərəfini təmsil edirdi. Həmin gün səhnədə sadəcə astrofizika və musiqi deyil, həm də ədəbiyyat var idi. Beləliklə, qədim yunan mifologiyasına qayıtdıq. Mars adını savaş allahı Aresin adından alıb. Mars Yer səmasında qırmızı rəngdə görünür, insanlar bunu qanla, odla əlaqələndiriblər. Ədəbiyyat elmlə, elm sənətlə birləşir, Umut Yıldız Marsın amansızlığından danışır, ardınca Holstun məşhur silsiləsindən “Mars” səslənir. Mars bir anlıq Yerə enir, amansız, mexaniki… Sanki dayanmadan irəliləyən müharibənin içindəyik. Holst bəstələri ilə insana hüzur verməkdən çox, insana planetləri hiss etdirmək istəmişdi. Marsın qəzəbini də, Veneranın sakitliyini, hüzurunu da notlara köçürən eyni insan idi…
Marsdan sonra Umut Yıldız Veneradan danışır, adını sevgi, gözəllik tanrısı Afroditadan alan Venera… Dünyanın ən isti planeti o an səhnədə həm də dünyanın ən mehriban planeti kimi görünürdü. Marsın qəzəbindən - müharibədən sonra səhnəyə Veneranın - sülhün çıxması heç də təsadüfi deyildi. Venera səhnəyə bəşəriyyətin ümidi kimi çıxmışdı. Səhnədə Marsın qan rəngli işıqları artıq daha yumşaq rənglərlə əvəzlənmişdi.
Ardınca Umut Yıldız Merkuridən danışdı. Dünyanın ən sürətli planeti ən yaralı yerimizi - dünyanın anbaan artan sürətini bizə xatırlatdı. Holstun bəstəsi yenə Umut Yıldızın danışdıqlarını tamamladı… Düşüncənin, dünyanın ruhumuzda hansı sürətlə axıb keçdiyini iliklərimizə qədər hiss etdik.
Umut Yıldız da, Qustav Holst da bizi qətiyyən ümidsizliyə qapılmağa qoymurdu. Merkurinin sürətini Yupiterin nəşəsi, həyat eşqi əvəzlədi. Saturna çatanda Holstun ağır-ağır irəliləyən ritmində taleyin ağırlığını - ömrün qarşıda bizi gözləyən qocalığının acısını hiss etdik. Gənclik addımları sanki geridə qalmışdı, 18-20 yaşlı gənclər belə əsalarının taq-taq səsini duyurdu…
Bəs qocalıq sondurmu? Hər şey elə burda da bitir? “Ah, Sevgili Uran, yaxşı ki, varsan”,- dedik içimizdə. Sənin gözlənilməzliyinə, sehrinə, çevrilişinə nə çox ehtiyacımız varmış!
Və son olaraq Neptun! Çox zəif, uzaqlardan gələn səslər - bu, sirrin ritmi idi. Musiqi sanki yox olur, insan şüurunun hüdudlarından kənara çıxırdı. Neptun həyatın əsl üzüdür - bilinməzliklər qarşısında yenə sadəcə insan olduğumuzu xatırladıq.
O gecə Kosmosun səsini ruhumuzda hiss etdik. Umut Yıldız bizə planetlərin heç ağlımıza da gətirə bilməyəcəyimiz tərəflərindən danışdı. Axı biz sadəcə Yerin insanı deyilik, böyük bir kainatın parçasıyıq. Bunu anlamaq üçün niyə belə gecikmişdik?
O gün o zalda sadəcə fiziklər, kimyaçılar, astronomlar yox idi, hər sahədən, hər yaşdan adamlar var idi. Kainat bizə heç olmadığı qədər yaxınlaşmışdı.
Elm və Sənəti ilk dəfədir, eyni səhnədə görürdük. Onları ayırmaq yox, elə həmişə qovuşdurmaq lazımdır. Elmsiz sənət də, sənətsiz elm də əksik qalır.
Umut Yıldızın elminə də, Qustav Holstun sənətinə də heyran olduq.
Qustav Holstun sənətini canlandıran, ifa edən canlı sənətkarlar - NDU Simfonik Orkestri qarşımızda dayanmışdı. Sözün əsl mənasında, möhtəşəm idilər. Bir neçə ay əvvəl İlber Ortaylı da Naxçıvan səfərində bu Simfonik Orkestrin necə böyük dəyər olduğunu vurğulamış, “Bizde böyle şeyler yok”,- deyib bir köks də ötürmüşdü.
Naxçıvan Dövlət Universiteti ölkədə elm və sənəti özündə birləşdirən nadir universitetlərdəndir, musiqişünaslıqdan rəssamlığa, rəssamlıqdan müəllimliyə, müəllimlikdən mühəndisliyə, həkimliyə, memarlığa qədər müxtəlif ixtisasları özündə birləşdirir. NDU klassik sənət sahələri ilə müasir elmi-texnoloji təfəkkürün vəhdətində sadəcə elm ocağı deyil, həm də bir sənət məbədidir.
Konsert bitdi, Umut Yıldız da, Qustav Holst da, NDU Simfonik Orkestri də bizimlə sağollaşdı. Amma o ritmlər, o səslər hələ də ruhumuzda danışırdı.
Çıxışda uzaqdan rektorumuzu gördüm, o eşitmədi, amma içimdən ona böyük bir təşəkkür etdim. Uzun illər Elm və Sənətə dəstək olan insan bu gün onların eyni səhnədə qovuşmasına vəsilə olmuşdu.
Hötenin “Faust” əsərində belə bir ifadə var: “Sənət uzun, həyat qısa”. Qısa həyatımıza uzun sənətdən parçalar sığdıran insanlar var olsunlar!

GÜLAY TAHİRLİ
NDU “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimi
