Soyqırımla bağlı interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Xatirə muzeyində “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda interaktiv dərs keçirilib. AMEA Naxçıvan bölməsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun  apardığı dərsi muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisəsinin şagirdləri izləyiblər.

Qeyd olunub ki, ötən əsrdə mənfur ermənilər onlara himayədarlıq edənlərin dəstəyi ilə xalqımıza qarşı bir neçə dəfə soyqırımı aktı həyata keçiriblər. Bunlardan miqyasına görə ən böyüyü 31 Mart soyqırımıdır. 1918-ci ilin martında ermənilər öz havadarlarının köməyi ilə XX əsrin əvvəllərində, əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər regionlarında, eləcə də Naxçıvanda azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Onların terrorçuluq fəaliyyəti zamanı təkcə insanlar deyil, Türk və İslam mədəniyyət mərkəzləri, tarixi abidələr də məhv edilib. Erməni silahlı dəstələrinin rəhbərlərindən olan Andranik Ozanyan və onun quldur dəstəsinin silahlı hücumları nəticəsində Culfa və Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərk-silah olunub, xeyli hissəsi qətlə yetirilib.

Şagirdlərin diqqətinə çatdırılıb ki, təkcə Culfa rayonunun Yaycı kəndində 2500 nəfər soyqırımına məruz qalıb. Vurğulanıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan çox mühüm tarixi sənəddir.

İnteraktiv dərs zamanı azərbaycanlılara qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən soyqırımı və deportasiya siyasətinin acı nəticələrini özündə əks etdirən eksponatlar video bağlantı vasitəsilə şagirdlər tərəfindən izlənilib və müxtəlif bölmələrdə yerləşən eksponatlar haqqında geniş məlumat verilib.

                                                          

                                                                              Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: