Həyatda elə insanlar var ki onları sonradan tanısan da itkisi ilə barışa bilmirsən. Bəzən onlar sənin doğman, yaxın qohumun olmasa belə elə düşünürsən onlar bir ömür sənin həyatında olub, məsləhət verib, düşüncələrinin formalaşmasında, dünyaya baxışında müstəsna rol oynayıb. Bu cür insanlar bir xalqın mənəvi sərvəti, milli dəyəri hesab olunur. Bu gün 70 yaşı tamam olan, tarix üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadə də belə nadir insanlardan idi.
Bu ilin mart ayının səkkizində hamımızın Hacı Qadir kimi yaxşı tanıdığımız bir insanın ölüm xəbəri muxtar respublika ictimaiyyətində bir təəssüf yaratdı. Sanki etnoqrafiyamızın, milli tariximizin şah budaqlarından birini itirdik. Səmimi, hər kəslə ünsiyyət qurmağı bacaran, hətta onu üzdən tanımayanların, sadəcə adını eşidənlərin, ancaq əsərlərini oxuyanların belə sevimlisinə çevrilən Qadir Qədirzadə sözün əsl mənasında elm fədaisi, millət təəssübkeşi, müəllim və böyük ziyalı idi. Onu işıqlı bir insan kimi sevmək üçün bircə dəfə həmsöhbət olmaq kifayət edirdi. Danışdıqca sanki qarşında dünya kitabxanalarında heç kimin oxuya bilmədiyi minlərlə kitabından səhifələr açılırdı. İlahi, insanın içərisində nə qədər sevgi ola bilərdi ki, tanıdığı, tanımadığı hər kəsə o sevgini təmənnasız paylaya bilsin və tükənməsin! Muxtar respublika elmində sanki bir qocaman dağ idi Hacı Qadir Qadirzadə. Bu dağın sayəsində Naxçıvanda , Anadoluda, Cənubi Azərbaycanda, Qafqazda, hətta Uzaq Sibirdə yaşayan qədim türk xalqlarının min illik ortaq etnoqrafiyası, ailə-məişətinin dəyərli inciləri hər kəsə tanıdıldı.
Bircə dəfə onunla həmsöhbət olmağın kifayət idi ki, milli kimliyin, yaşadığın coğrafiya, ondan da kənara çıxan türk kökəninlə qürur duyasan. Dünyanın yaranışdan bu günə qədər mühüm bir yol keçən, insanlığa töhfə verən böyük bir xalqın nümayəndəsi olmağınla fəxr edəsən. Hacı Qadir hələ 1978-ci ildə mayın 28 də Moskvada böyük bir imperiyanın paytaxtındakı mehmanxanaların birində 3 rəngli Azərbaycan bayrağını öz otağında asmaq qədər cəsarətli addım atan bir azərbaycanlı idi.
İlk elmi işini Moskvada müdafiə edərkən, hələ 1970-80-ci illərdə ermənilərin tariximizi saxtalaşdırmasına qarşı çıxmışdı. Bir dəfə söhbətlərinin birində Moskvada nəşr olunan Qafqaz tarixində ermənilərin bura gəlmə olduqları faktını sübut etmək üçün nə qədər zəhmət çəkdiyindən danışdı. Həmin kitabdakı rusca olan məqalələrin birinə sadəcə rusca inkar bildirən bir “ne” ifadəsini saldırdığına görə erməni alimlərin təzyiqləri ilə qarşılaşmışdı. Amma xatırlayanda özünə məxsus sirli təbəssümlə deyirdi,: “Cümlə belə idi, “Armyanı NE korennıye narodı Kafkaza, (ermənilər Qafqazın köklü xalqı deyil) halbuki ermənilər bu cümləni inkarsız yazmaları üçün nələr eləmişdilər”. Vətənpərvərlik Hacı Qadirin amalı idi.
Dini bilikləri də müasir elmi qədər dərin idi. Elm və din onun üçün bir quşun iki qanadı deməkdi. Nə hürufata varırdı, nə də ifrat materializmə. Azərbaycan coğrafiyasında hələ orta çağlardan məşhur olan sufi dini cərəyanında dərvişlik deyilən bir məfhum var. Bu təlimin kökü bütün dünya nemətlərindən əl çəkərək, özünü yalnız saf elmə və Tanrıya həsr etməkdir. Bu Hacı Qadir Qədirzadənin bir inanc sahibi kimi həyat tərzi idi. Dərvişlik, hələ bir çox neqativlikləri ilə hamını narahat edən müasir dünyamızın insanları arasında hər kəsə müyəssər olmayan bir ilahi haldır.
1948-ci il mayın 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olan bu insan öz məsləyi, əqidəsi və vətənpərvərliyi ilə bütün Azərbaycanın tanıdığı şəxsiyyətə çevrildi. Cəhri kəndində orta məktəb müəllimliyindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə, tarix üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvünə kimi bir yol keçdi. Etnoqrafiyamizi araşdırdı, milli dəyərlərimizin köklərini tədqiq elədi, qaranlıq olan çox məqamları gün işığına çıxardı.
O, uzun illər Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində, Akademiyanın Naxçıvan Bölməsində gənc kadrların hazırlanması işində böyük əmək sərf etdi.
Qadir Qədirzadə 400-ə yaxın elmi-kütləvi əsərin, o cümlədən 22 kitab və monoqrafiyanın müəllifi idi. Azərbaycan elmini layiqincə təmsil edən Qadir Qədirzadənin elmin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2009-cu ildə o, Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdu. Qadir Qədirzadənin fəlsəfi düşüncələrin və insanın həyata düzgün yanaşmasının mövzusunu özündə birləşdirən “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına layiq görülüb.
Yaşasaydı, bu gün 70 yaşını qeyd edəcəkdi. Amma o elə bir insandır ki, fiziki olmasa da mənəvi cəhətdən həmişə öz elmi, axtarışları, yazdıqları və ən əsası əməlləri ilə yadda qalacaqdır!
Səməd Canbaxşiyev