Orta ixtisas təhsili haqqında dövlət sənədləri elektron formada təqdim ediləcək

A- A A+

Orta ixtisas təhsilini başa vuran şəxslərə diplom və diploma əlavə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq elektron formada təqdim ediləcək.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qərara əsasən, diplomlarda əks olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilə biləcək və həmin məlumatların təqdim edilməsi diplomun təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malik olacaq. Orta ixtisas təhsili haqqında dövlət sənədi məzunlara ixtisas üzrə əmək fəaliyyətinə başlamaq və ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmaq hüququ verir.

Qaydaya görə, məzunların diplomları 10 iş günü müddətində hazırlanacaq və orta ixtisas təhsili müəssisəsinin rəhbərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Elektron qaydada yaradılan diplom və diploma əlavə məzunların elektron kabinetində yerləşdiriləcək.

Sənəddə diplom və diploma əlavədə göstəriləcək məlumatların ətraflı siyahısı, o cümlədən ixtisas, peşə-ixtisas dərəcəsi, tədris dili, akademik kreditlər, ümumi orta müvəffəqiyyət göstəricisi və diplomun həqiqiliyinin yoxlanılması üçün ştrix-kod tələbləri müəyyən edilib. Məzunların müraciəti əsasında təhsil haqqında dövlət sənədləri ingilis dilində də tərtib edilə bilər.

Qayda diplomun verilməsindən imtina halları, diplomun dublikatının verilməsi, səhv məlumatların aradan qaldırılması, diplomun ləğv edilməsi və yenidən tərtib olunması prosedurlarını da tənzimləyir. Diplom itirildikdə, korlandıqda və ya məhv olduqda dublikat yalnız elektron sənəd formasında təqdim olunacaq, diplomun və ya diploma əlavənin əvəzinə arayış verilməsi isə qadağan edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: