Naxçıvan Dövlət Universitetində 2025-ci il üzrə fəaliyyətin əsas istiqamətləri və nəticələri

A- A A+

Azərbaycanın ali təhsil sistemində özünəməxsus mövqeyə malik olan Naxçıvan Dövlət Universiteti üçün 2025-ci il institusional inkişafın yeni mərhələsi kimi xarakterizə olunub. İl ərzində həyata keçirilən tədbirlər universitetin elmi, tədris, beynəlxalq və mədəni fəaliyyətinin sistemli şəkildə gücləndirilməsinə, dövlət siyasətinə uyğun strateji hədəflərin reallaşdırılmasına xidmət edib. Həyata keçirilən tədbirlər vahid idarəetmə və planlaşdırma mexanizmi əsasında icra olunaraq universitetin institusional inkişaf xəttini sistemli şəkildə təmin edib.

Dövlət proqramları çərçivəsində strateji inkişaf

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” 2025-ci ildə Naxçıvan Dövlət Universitetinin fəaliyyətində əsas istiqamət rolunu oynayıb. Universitet bu proqramın həyata keçirilməsində icraçı qurum olmaqla bərabər, eyni zamanda elmi və intellektual mərkəz kimi fəal iştirak edib.

Dövlət Proqramı çərçivəsində SABAH qruplarının Tibb ixtisası üzrə fəaliyyəti genişləndirilib, əcnəbi professorların tədrisə cəlbi təmin edilib, Ankara Universitetində tələbələr üçün yay istehsalat təcrübəsi proqramı təşkil edilib. Paralel olaraq satınalma və infrastruktur prosesləri mərhələli şəkildə icra olunub ki, bu da ali tibbi təhsilin keyfiyyətinə sistemli yanaşmanın göstəricisidir. 
Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-da xarici universitetlərlə ikili diplom proqramlarının tətbiqi yönündə müqavilələr imzalanıb. Xüsusi qeyd etmək lazımdır ki, ikili diplom proqramında təkcə akademik təhsil deyil, həm də tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələri, innovativ texnologiyalara çıxış və peşəkar inkişaf imkanları da nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanası Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib. Qeyd edilməlidir ki, dünya miqyasında rəsədxanaya sahib olan universitetlərin sayı məhduddur və NDU-nun bu sıraya daxil edilməsi universitetin elmi statusunun regional çərçivədən çıxaraq beynəlxalq səviyyəyə yüksəldiyini göstərib.

 “Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi və maarifləndirici fəaliyyətlər

Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Naxçıvan Dövlət Universitetində genişmiqyaslı elmi və maarifləndirici tədbirlərlə müşayiət olunub. İl ərzində respublika və beynəlxalq səviyyəli konfranslar, forumlar, dəyirmi masalar və açıq mühazirələr təşkil edilib.

Bu tədbirlər çərçivəsində konstitusiyanın tarixi inkişaf mərhələləri, dövlət suverenliyinin hüquqi əsasları və müasir çağırışlar akademik müstəvidə müzakirə edilib. Aparılan elmi müzakirələr universitetin hüquqi düşüncənin formalaşdırılması və dövlətçilik ideyalarının təbliği istiqamətində mövqeyini gücləndirib.

Beynəlxalq əməkdaşlıq və ikili diplom proqramları

2025-ci il Naxçıvan Dövlət Universiteti üçün beynəlxalqlaşma baxımından mühüm mərhələ olub. ABŞ-nin Corc Vaşinqton Universiteti ilə magistratura səviyyəsində ikili diplom proqramları üzrə ilkin razılaşmalar əldə edilib. Türkiyənin İstanbul, Hacettepe, Ankara, Acıbadem universitetləri, İordaniyanın Al-Əl Beyt Universiteti və digər nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq real akademik müstəviyə keçib.

Xüsusilə İstanbul Universiteti ilə iki ixtisas üzrə imzalanan ikili diplom müqavilələri NDU-nun beynəlxalq akademik etibarının göstəricisi kimi özünəməxsus yer tutur. Tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr və tədris proqramları universitetin qlobal elmi-təhsil şəbəkəsinə inteqrasiyasını gücləndirib.

Elmi fəaliyyət və konfranslar

2025-ci ildə universitetin elmi fəaliyyəti keyfiyyət baxımından yeni mərhələyə yüksəlib. Regionun sosial-iqtisadi, ekoloji və texnoloji problemlərinə yönəlmiş tədqiqatlar aparılıb, beynəlxalq indeksli elmi jurnallarda dərc olunan məqalələrin sayında artım qeydə alınıb. 

İl ərzində “İnnovasiya və davamlı inkişaf”, “Zəfər irsi”, “Azərbaycan Psixoloqlarının I Forumu”, “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi”, “Süni intellekt: nəzəriyyədən praktikaya”, “Stomatologiyada innovasiyalar” kimi bir sıra sahələri əhatə edən konfranslar təşkil edilib. Duzdağ Araşdırmaları Konqresində Duzdağ mağarasının elmi və tibbi potensialının təqdim edilməsi Naxçıvanın lokal resurslarının qlobal elmi diskursa çıxarılmasının nümunəsi olub.

Bundan başqa akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası da diqqətdə saxlanılıb. Bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilib, akademikin adını daşıyan elmi-tədqiqat mərkəzi istifadəyə verilib. 

Tələbə potensialı və sosial mühit

2025-ci ildə 600-dən yuxarı bal toplayan 200-dən çox abituriyentin NDU-nu seçməsi, plan yerlərinin tam dolması universitetin gənclər üçün cəlbedici mərkəzə çevrildiyini göstərib. Tələbələrin beynəlxalq müsabiqələrdə qazandıqları qızıl medallar, startap layihələri üzrə əldə edilən maliyyə mükafatları bu potensialın real nəticəsidir. 
Universitetdə mədəni və ictimai həyat da diqqət mərkəzində saxlanılıb. Simfonik Orkestrin konsert proqramları, teatr tamaşaları, tanınmış elm və mədəniyyət xadimləri ilə keçirilən görüşlər universitetin təhsillə yanaşı, mədəniyyət mərkəzi olduğunu da təsdiqləyib.

Yekunda demək olar ki, Naxçıvan Dövlət Universitetində 2025-ci il planlı idarəetmə, strateji ardıcıllıq və institusional inkişaf ili olub. Dövlət proqramları ilə uzlaşan fəaliyyət, beynəlxalq əməkdaşlıqların genişlənməsi, elmi potensialın gücləndirilməsi və tələbəyönümlü yanaşma universitetin ölkənin aparıcı ali təhsil və elmi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib.

Fəxriyyə Səyyadova

Naxçıvan Dövlət Universitetinin əməkdaşı
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: