Naxçıvanda məktəblilərlə maarifləndirici tədbirlər davam etdirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində və rayonlarında yerləşən bir neçə ümumtəhsil məktəbində narkomaniyaya qarşı mübarizə, internet resurslarından düzgün, təhlükəsiz istifadə qaydaları barədə şagirdlərlə profilaktik görüşlər davam etdirilir.
Görüşdə çıxış edən polis əməkdaşları, eləcə də digər iştirakçılar narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan tədbirlərdən, həmçinin narkotik vasitələrin insan həyat və sağlamlığı üçün yaratdığı təhlükələrdən, sağlam gənc nəslin yetişməsindəki mənfi təsirlərindən danışıblar.
Həmçinin şagirdlərə internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar, eləcə də həmin cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilən mübarizə tədbirləri barədə də məlumatlar verilib.
Sonda mövzuya dair hazırlanmış videoçarxlar nümayiş etdirilib, real həyat nümunələri əsasında müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Polis Akademiyasındakı təhsil imkanları, tədris prosesləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə də ətraflı məlumat verilib.