“Pedaqoji fikir tarixindən” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş 2019-cu il üzrə tədbirlər planına əsasən “Pedaqoji fikir tarixindən” adlı kitabın təqdimatı keçirilib. Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, pedaqoji fikir tarixinə nəzər saldıqda bu günün nailiyyətlərinin keçmişdən qidalandığını, ondan qüvvət aldığını görürük. Keçmişlə müasirliyi düzgün uzlaşdırmadan, onu düzgün dəyərləndirmədən və müqayisə etmədən bugünkü məktəbimizin və pedaqoji fikrimizin səviyyəsini müəyyənləşdirmək olmaz. Bu səbəbdən kitab ali məktəb tələbələri və pedaqoqlar üçün dəyərli mənbə, ictimaiyyət üçün stolüstü kitab səciyyəsi daşıyır. Rektor qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunda növbəti tədris semestrindən “Pedaqoji fikir tarixi” adlı seçmə fənnin tədris planına salınması və pedaqoji fikir tarixi ilə əlaqəli mövzuların tədqiqata cəlb olunması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Surə Seyid çıxışında vurğulayıb ki, elmin və təhsilin davamlı inkişafı muxtar respublika rəhbəri tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2014-cü il 4 sentyabr tarixli Fərmanla Naxçıvan Muxtar respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bugünədək Fondun təşkilatçılığı ilə onlarla beynəlxalq və yerli səviyyəli konfranslar, seminarlar, dəyirmi masalar və disputlar keçirilib, ümumilikdə elmi innovasiyaların, elmi yeniliklərin, layihələrin dəstəklənməsi işinə diqqət artırılıb. Bugünədək Bilik Fondunun maliyyə dəstəyi ilə onlarla kitab və jurnal nəşr olunaraq müvafiq qurumlara hədiyyə edilib. Əhalinin elmi-texniki, ictimai-siyasi, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması istiqamətlərində görülmüş bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Bilik Fondu 2019-cu ilin tədbirlər planına əsasən “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində 10 000 tirajla “Pedaqoji fikir tarixindən” kitabını nəşr etdirib.
Yeni nəşrdə tərbiyə, təhsil, təlim problemlərini, ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji xidmətləri və görüşlərini, ayrı-ayrı dövrlərdə təhsil məsələlərini və maarifləndiricilik missiyasını yerinə yetirən şəxslərin fəaliyyəti ümumiləşdirilib, yaşanmış tarixin elmi-pedaqoji mənzərəsi meydana qoyulub. Təbii ki, bu tarixi təcrübələr, görüşlər və nəzəri fikirlər təkcə tarixiliyinə görə deyil, varisliyi və müasir əhəmiyyətinə görə də qiymətlidir. Bu əsər Azərbaycan təhsil tarixində ən qabaqcıl və dəyərli fikirlərin toplusu olmaqla Azərbaycan mütəfəkkirinin elm, təhsil, təlim, tərbiyə haqqında fikirlərinin sistemləşdirilmiş ilk məxəzidir. Maarifçilik ideologiyasının carçısı olan “Füyuzat” jurnalında əks olunan bir dəyərli fikri xatırlatmaq yerinə düşər: “Mənəvi tərbiyəsini düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”. Əhalini maarifləndirmək, ictimaiyyətə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi dəyərlərin carçısı olan bu kitab hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, son illər Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər, imzalanan dövlət sənədləri mütərəqqi təhsil imkanlarını artırmaqla yanaşı milliliklə bəşəriliyin nümunəvi modelini təqdim edir. İmzalanmış mühüm dövlət sənədləri təhsilimizin maarifçi ruhunda inkişafına təkan verməklə tarixiliklə müasirliyin vəhdətində inkişaf edir. Qeyd olunub ki, ümumiyyətlə məktəbimizin və pedaqoji fikrimizin keçmişini öyrənmək, onun hazırkı vəziyyətini də müqayisə edib öyrənməyə kömək edir. Keçmiş irsimizə nəzər saldıqda bu günün nailiyyətlərinin keçmişdən qidalandığını, ondan qüvvət aldığını da görürük. Keçmişlə müasirliyi düzgün uzlaşdırmadan, onu düzgün dəyərləndirmədən, müqayisə etmədən bugünkü məktəbimizin və pedaqoji fikrimizin səviyyəsini müəyyənləşdirmək çətindir. Bu gün tarixçilər, pedaqoqlar, bütövlükdə maarif işçiləri qarşısında mühüm bir vəzifə qoyulmuşdur: Azərbaycanı sevərək, onun keşiyində duraraq, ona xidmət edərək, intellektual mənəviyyatlı vətəndaş tərbiyə etmək. Buna görə ilk növbədə uzun illər səylə milli zəmindən uzaqlaşdırılmış, xalq pedaqogikasının məzmunundan ayrı salınmış tərbiyə sistemimizi formalaşdırıb, meydana çıxarmaq müstəqillik dövrü təhsil islahatlarının mühüm hissələrindən biridir. Yeni nəşr şifahi xalq ədəbiyyatımızda, zəngin və dünya şöhrətli klassik irsimizdə, Azərbaycan xalqı üçün yaxın və məqsədyönlü olan Şərq ənənələrində və həm də ümumbəşəri dəyərlərdə öz əksini tapan təlim-tərbiyə məsələlərinin tədqiqi və təbliği baxımından nümunəvi qiymətli əsər hesab oluna bilər. Bugünkü kitab təqdimatı Muxtar Respublikamızda təhsil quruculuğunun yeni məzmun xüsusiyyətlərinə öz töhfəsini verir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində aparılan işlər çərçivəsində müasir təlim metodunun uğurlu tətbiqinə yönəlmiş strateji əhəmiyyətli tədbirlər xüsusi yer tutur.
Sonda kitabda əsərləri yer alan müəlliflərin həyat və yaradıcılığına həsr olunmuş slaydlar, tələbələrin ifasında “Pedaqoji fikir tarixindən” kitabından seçmələrdən ibarət bədii kompozisiya nümayiş olunub, “Pedaqoji fikir tarixindən” kitabı müəllimlərə təqdim edilib.