Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən üç il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, Aprel döyüşləri qazisi Kamran Baxşızadə haqqında məqalə yaradılıb.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, məqalədə K.Baxşızadənin həyatı və Aprel döyüşlərindəki iştirakı və mükafatları haqqında məlumat verilir. Bildirilir ki, Kamran Baxşızadə bir çox döyüş tapşırıqlarında iştirak edib. O, 2016-cı il aprelin 4-də erməni silahlı qüvvələrinin Azərbaycana hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatlarda iştirak edib, Talış kəndindəki yüksəklikdə xəsarət alıb. 2018-cı ilin mayında isə ordu sıralarından ehtiyata buraxılıb.
K.Baxşızadə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür: https://az.wikipedia.org/wiki/Kamran_Bax%C5%9F%C4%B1zad%C9%99