Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti NDU kampusu ilə tanış olub. Tanışlıq çərçivəsində nümayəndə heyəti NDU-da Naxçıvan İnnovasiya Mərkəzi, Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya Mərkəzi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində fəaliyyət göstərən Biotexnologiya Mərkəzi, Tibb fakültəsinin Sitologiya, Anatomiya kabinələri, Stomotoloji Simulyasiya Mərkəzi, NDU-nun Tələbə yataqxanası, Qonaq evi və NDU-nun Elmi Kitabxanasını gəzərək tədris infrastrukturu, elmi tədqiqat imkanları və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Tanışlıqdan sonra NDU-nun İncəsənət fakültəsində baş tutan tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqlara universitetin tarixi, fəaliyyəti, inkişafı haqqında ətraflı məlumat verib və tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1967-ci ildə əsası qoyulan Naxçıvan Dövlət Universiteti uzun illərdir, Naxçıvan Muxtar Respublikasının kadr potensialının təmin olunmasına, sosial inkişafına, ixtisaslı mütəxəssislərin yetişdirilməsinə mühüm töhfələr verir. Rektor universitetin il ərzində qazandığı uğurlardan, elmi tədqiqat, təlim-tədris, beynəlmiləlləşmə sahələrində əldə etdiyi nailiyyətlərdən bəhs edib. 2025-ci ildə 252 nəfərin işə qəbulu ilə NDU-nun Naxçıvanda ən çox işəgötürən müəssisə olduğunu vurğulayıb. 

UNEC-in rektoru Ədalət Muradov çıxışında görüşdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi ali təhsil müəssisəsinə dair məlumatları bölüşüb, elmin inkişafı üçün atılan addımlardan danışıb. UNEC-in “Elmin populyarlaşdırılması” layihəsindən bəhs edərək bu layihənin elmin cəlbediciliyini və gənc nəslin elmə marağının artırılması məqsədi daşıdığını qeyd edib. Azərbaycan alimlərinin, onların kitablarının cəmiyyətə tanıdılmasının da əsas missiyalardan biri olduğunu vurğulayıb. Ədalət Muradov NDU haqqında təəssüratlarından danışıb: “Naxçıvan Dövlət Universiteti, həqiqətən də, böyük uğurlara imza atan universitetdir”,- deyə qeyd edib.

Daha sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda hər iki universitetin elektron kitabxanalarının inteqrasiyası, ortaq tədqiqatların aparılması öz əksini tapıb. UNEC-in rektoru Ədalət Muradov kitabxanaların inteqrasiyasının ilk belə təşəbbüs olmasını vurğulayıb, ortaq tədqiqatların aparılmasının universitetlər arasında elmi əməkdaşlığa ciddi təkan verə biləcəyini qeyd edib.

ADPU-nun prorektoru, professor Mahirə Nağıqızı yenidən NDU-da olmaqdan məmnunluğunu bildirib, hər iki rektoru təbrik edərək UNEC ilə NDU arasında imzalanan əməkdaşlıq müqaviləsini mühüm addım kimi dəyərləndirib. Cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, dövlət dilinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanını, ana dilimizlə bağlı verdiyi müsahibələri diqqətə çatdırıb. Mahirə Nağıqızı Azərbaycan dilinin saflaşdırılması, bu sahədə mövcud problemlər və onların həlli yolları, həmçinin milli-mənəvi dəyərlərin qorunmasından danışıb.

AMEA-nın həqiqi üzvü, akademik Muxtar İmanov çıxışında “Elmin populyarlaşdırılması” layihəsinin əhəmiyyətindən bəhs edərək bu layihənin elmin kütləviləşdirilməsində oynadığı roldan bəhs edib. Azərbaycan dilinin qorunması, saflaşdırılması məsələlərinə toxunub.

Sonda görüşdən xatirə olaraq qarşılıqlı hədiyyələr təqdim edilib, foto çəkdirilib.

Gülay Tahirli

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: