Filologiya üzrə elmlər doktoru Kamandar Şəriflinin XIX əsrdə yaşamış görkəmli Azərbaycan maarifçisi, mətnşünas alimi Əbdülqəni Nuxəvi Xalisəqarızadənin həyat və yaradıcılığından bəhs edən kitabı çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan NUHÇIXAN-a bildiriblər ki, kitabın “Alim, pedaqoq və kitabşünas” adlanan birinci hissəsində mətnşünas alimin doğulub boya-başa çatdığı Şəki şəhərinin XIX yüzillikdəki tarixi mənzərəsinə, Şəkidəki maarif ocaqlarına nəzər yetirilib, alimin həyatı və yaradıcılığı şəcərəsindən tutmuş pedaqoji fəaliyyətinədək əhatəli şəkildə araşdırılıb. Alimin şəxsi kitabxanasından əldə edilən bəzi qiymətli əlyazma abidələri də tədqiqata cəlb edilib.
Kitabın ikinci hissəsi “Qazıxana dəftəri” adlanır. Bu əlyazma kitabı Xalisəqarızadənin Şəki şəhərinin baş qazisi işlədiyi dövrdəki fəaliyyəti ilə sıx bağlıdır. Alimin tərtib etdiyi bu əlyazma XIX yüzillikdə Şəkidə ailə hüququ, səhiyyə tarixi, yer adları və tanınmış şəxsiyyətlər haqqında məlumatların öyrənilməsi baxımından olduqca dəyərli mənbədir.
Hərtərəfli biliyə sahib, onlarla dərsliyin müəllifi olan Xalisəqarızadə həm də gözəl katib və xəttat olub. Azərbaycan və Şərq klassiklərinin əldə olan 300-dən artıq əsərin əlyazmaları onun qələminin məhsuludur.
Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.
Əbdülqəni Nuxəvi Xalisəqarızadənin zəngin elmi irsi, o cümlədən “Qazilik dəftəri” AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur.