NDU ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTOLAR
Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, müqavilənin əsas məqsədi hər iki ali təhsil müəssisəsinin təhsil və elmi-tədqiqat fəaliyyətləri üzrə qarşılıqlı marağın artırılması, birgə elmi layihə və təşəbbüslərin hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsi, həmçinin müəllim, tələbə və inzibati heyət mübadiləsinin həyata keçirilməsidir. Sənədə əsasən, Marmara Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu da daxil olmaqla müxtəlif tədqiqat mərkəzləri ilə birgə konfransların təşkili, ortaq elmi araşdırmaların aparılması nəzərdə tutulur. Eyni zamanda, NDU ilə əməkdaşlıq çərçivəsində daha çox sosial elmlər sahəsində tədris və elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 1883-cü ildə əsası qoyulan Marmara Universiteti Türkiyənin ən köklü və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitet xüsusilə tibb, mühəndislik, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər və pedaqoji ixtisaslar üzrə güclü akademik bazaya malikdir. Geniş elmi-tədqiqat infrastrukturu, beynəlxalq əməkdaşlıq şəbəkəsi və çoxşaxəli tədris imkanları ilə Marmara Universiteti regionun aparıcı ali təhsil ocaqlarından hesab olunur. Əməkdaşlığın mühüm istiqamətlərindən biri tibb, mühəndislik və iqtisadiyyat sahələrində xarici professorların Naxçıvan Dövlət Universitetinə dəvət olunmasıdır. Eyni zamanda, NDU-nun Tibb fakültəsinin tələbələri Marmara Universitetində staj keçmək imkanı əldə edəcəklər. Marmara Universitetinin professorları isə NDU-nun magistrant və doktorantlarına elmi rəhbərlik edəcəklər. Bu əməkdaşlıq hər iki ali təhsil müəssisəsinin elmi-tədqiqat potensialının gücləndirilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və beynəlxalq akademik inteqrasiyanın dərinləşdirilməsinə mühüm töhfə verəcək.