NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” adlı elmi-praktik konfrans keçirilib.
Tədbiri institutun rektoru Elbrus İsayev açaraq konfransın əhəmiyyəti və institutda fənn kurikulumlarının tətbiqi ilə bağlı görülmüş işlərdən danışıb.
Rektor qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikamızda müəllimlərin ixtisasartırması və təkmilləşdirilməsi, təhsilin bütün pillələri üzrə fəaliyyət göstərən pedaqoji ictimaiyyətin elmi-metodik təminatı ilə bağlı həyata keçirilməsi funksional vəzifələr sırasındadır. İnstitutda bu gün öz işinə başlayan elmi-praktik konfrans bu istiqamətdə reallaşdırılan əhəmiyyətli tədbirlərdəndir.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov konfransda çıxış edərək müasir dövrdə ümumtəhsil məktəblərində kurikulumun tətbiqi ilə bağlı yaradılan şərait və kurikulumun tətbiqindən sonra təhsildə qazanılan uğurlar barədə məlumat verib.
Vurğulanıb ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. T
Qeyd olunub ki, ümumtəhsil məktəblərində kurikuluma keçid hazırlayan yeni imtahan modeli müəllimlərin məsuliyyəti və nüfuzunun artmasına ciddi təsir edəcək, bu gün keçirilən konfrans isə yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran kadrların işlərində mühüm əhəmiyyət daşıyacaqdır. Nazir muxtar respublikada təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya, müəllim əməyinə verdiyi yüksək dəyərə görə konfrans iştirakçıları və təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin Metodiki kabinetinin müdiri Sabir Məmmədov, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Tamara Baxşəliyeva, Ali riyaziyyat və informatika kafedrasının müəllimi Səminə Rüstəmova müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Konfrans sabah öz işini bölmə iclasları ilə davam etdirəcək.