Uzun illər mütəfəkkirlər insanları oxumağa, təhsil almağa, dünyanı öyrənməyə, bir sözlə elmə yiyələnməyə səsləyiblər.
Buna görə də hər bir şəxs təhsil almaqla, müşahidə etməklə və səyahətlə ağlını dərinləşdirir. Həyat təcrübəsi ilə davranışda, münasibətdə tələbat və ehtiyaclarının ödənilməsində təhsildən istifadə edir. Çünki elm, təhsil şəxsiyyətin kamilliyini təmin edən bir vasitədir.
Dərsləri təşkil etmək üçün təmiz, işıqlı, əyani vasitələrlə təmin olunmuş və lazımi vasitələrlə təchiz olunmuş sinif otaqlarının olması əsas şərtdir. Şagirdlərin dərslərə cəlb olunmasında belə siniflərin olması vacibdir. Sinif-dərs sistemini təşkil edərkən müvəffəqiyyət əldə olunması üçün təkcə yuxarıda qeyd olunanlar kifayət etmir. Buna görə də uşaqların oynaması, dincəlməsi və gəzməsi üçün məktəb yanında meydança, çiçəkli, ağaclı yaşıllıqlı məktəbyanı sahə və məktəb bağının olması da vacib məsələlərdəndir. Bir sözlə, məktəbdə keyfiyyətin yüksəldilməsi üçün vahid məktəb nizamnaməsi və sinif-dərs sistemi tətbiq edilməlidir.
Mənbələrə nəzər salsaq onda görərik ki, dərs-sinif sisteminin tarixi daha qədimdir. Hələ XII-XVI əsrlərdə Azərbaycan pedaqoqları tərəfindən Azərbaycan məktəblərində bu sistem tətbiq olunub. Orta şərq ölkələrinin təhsil müəssisələrində olduğu kimi Azərbaycanda da təhsilə xüsusi yer verilib. Xüsusən də XII əsrin axırlarından başlayaraq Azərbaycanda məktəb təhsili nisbətən sürətlə inkişaf edib. Şamaxıda, Gəncədə tədris, mütaliə və elmi tədqiqat mərkəzinə çevrilmiş kitabxanalar mövcud idi.
Mənbələrdə XII əsrin əvvəllərində Təbriz, Marağa, Bərdə, Gəncə, Beyləqan, Naxçıvan, Bakı və Şəki şəhərlərində məktəblərin olması haqqında məlumatlar verilir. Həmin məktəblərdə cümə günü istirahət günü hesab olunur və dərs keçirilmirdi. Ayrı-ayrı məktəblərdə şagirdlərin sayı 10 nəfərdən 100 nəfərə çatırdı. Məktəblərdə dərslər iki və bəzən üç mərtəbəli daş binalarda yerləşən bir otaqlı siniflərdə aparılırdı. Müəyyən edilmiş təhsil müddəti təyin olunurdu. Təhsilin müddəti hər bir şagirdin şəxsi müvəffəqiyyətindən, bacarıq və istedadından asılı idi. Elmli, savadlı kadrları hazırlamaq işində yerli müəllimlərlə yanaşı Çin, Hindistan, Misir və Suriyadan çağırılmış alim və mütəxəssislər də iştirak edirdilər. Məktəblərdə dünyəvi dərslər, o cümlədən ictimai və texniki fənlər də tədris olunurdu.
Orta əsrlərdə Azərbaycan məktəblərində sinif-dərs sisteminin tətbiq edilməsi o dövrün şairlərinin yaratdığı əsərlərdə, poemalarda öz əksini tapıb. Biz bu nümunəni Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərində daha yaxşı görürük.
1188-ci ildə yazılan poemadakı məktəb sahəsini heç də şairin öz təxəyyülü deyil. O dövrün qayda-qanunları çərçivəsində fəaliyyət göstərən məktəblərin tipik bir nümunəsidir.
Maraqlı burasıdır müəllif Qeysin atasının onu məktəbə yola salma səhnəsini təsvir edərkən bir məsləyə də toxunur. Bu məktəbə gedən uşağın artıq 10 yaşına çatmasıdır. Həmçinin Nizami yaşadığı dövrdə (XII əsr) məktəblərdə elmin sirlərini öyrədən bilikli alimlərin olmasını da qələmə alıb. Şair qeyd edir ki, valideynlər öz övladlarını onların yanına göndərməklə bu alimlərdən dərs almaqda maraqlı olduğunu diqqətə çatdırıb:
Bilikli alimdən istədi kömək,
Ona gecə-gündüz sərf etsin əmək.
Poemanın aşağıdakı misrasına diqqət yetirsək görərik ki, dahi mütəfəkkir, pedaqoq Nizami Gəncəvi poemada uşaqların təkcə məktəbə getmələrini, dərsini oxumaq və elm öyrənmələrini təsvir etməklə kifayətlənir. O, həmçinin burada uşaqların məktəbə ilk dəfə qədəm qoyacaqları günü real şəkildə təsvir etmişdir. Onların ilk günlərindəki qorxu və sevinclərini, uşaqların məktəb həyatını qələmə almışdır:
Ona yoldaş oldu bir bölük uşaq
Sən bir onlardakı səadətə bax
Hər uşaqda qorxu və ümid vardı
Dərsinə, elminə can yandırardı.
Poemanın digər hissəsində Nizami Gəncəvi məktəbdə oğlanlarla qızların birlikdə oxumasını, onların bir sırada düzülərək getmələrini, dərs zamanı oğlanlarla qızların sinifdə bir sırada oturmalarını da göstərmişdir:
Xırda oğlanlarla qızlar yanaşı
Hamısı olmuşdu sıra yoldaşı.
Sinif-dərs sistemi haqqında XVI əsrin dahi Azərbaycan mütəfəkkiri və şairi, pedaqoqu Məhəmməd Füzuli də “Leyli və Məcnun” poemasında bəhs edir. Ancaq Füzuli Leyli və Məcnun poemasında məktəb həyatı və sinif-dərs sistemi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasında təsvir etdiyi məktəb və sinif-dərs sistemindən fərqlənir. Bunun əsas səbəbi ondan ibarətdir ki, onlar müxtəlif dövrlərdə yaşayıb, hər bir dövrün sinif-dərs sistemi özünə məxsus xüsusiyyətlər daşıyıb. Amma Füzuli təsvir etdiyi məktəbdə təlim Nizamidə olduğu kimi 10 yaşından başlayır. Dahi mütəfəkkir uşaqların məktəbə ilk dəfə olaraq 10 yaşında getməsini poemanın “Bu, Tuğrayi-Misali-Məhəbbətdir və Dibaqeyi-Divani-Möhnətdir” başlıqlı hissəsində qeyd etmişdir:
Çün sürət ilə dönüb zəmanə
On yaşinə yetdi ol yeganə.
Poemada dahi Azərbaycan şairi həmçinin uşağın oxuması üçün lazım olan məktəb ləvazimatlarının valideyn tərəfindən hazırlanmasını, uşaqların təzə məktəb geyimində məktəbə göndərilməni də təsvir edir.
...Təlimi-ülümə yetdi növbət
Əsbab ona eyləyib mürəttəb
Verdilər onunla zibi-məktəb.
Füzuli “Leyli və Məcnun”da sinif-dərs sisteminin təsvirini, dərsin sinifdə keçirilməsini poemanın “Bu-Dünyadi-Binayi-Bəladır və Müqəddimeyi-ələmi ibtiladır” başlıqlı hissəsində qeyd edibdir:
Məktəbdə onunla oldu həmdəm
Bir neçə mələkmisal qız həm.
Bir səf qız oturdu, bir səf oğlan
Cəm oldu behiştə huri-qılman.
Yuxarıdakı misrada maraq doğuran cəhətlərdən biri də ondan ibarətdir ki, Füzuli həmin hissədə məktəbdə oğlanlarla yanaşı qızların getmələrini Nizaminin “Leyli və Məcnun” poemasında olduğu kimi təsvir edib. Lakin Məhəmməd Füzulinin təsvir etdiyi məktəb bir qədər fərqli və müasirdir. Həmin məktəblərdə sinifdə uşaqlar cərgələrdə bir qız və bir oğlan oturublar. Bu isə onu qeyd etməyə əsas verir ki feodalizm quruluşunun sərt qanunları hökm sürdüyü erkən orta əsrlər dövründən fərqli olaraq XVI əsrdə də Azərbaycanda oğlanlarla qızlar bir məktəbdə oxuyublar.
Qeyd edək ki, Məhəmməd Füzulinin yaşadığı dövrdə Azərbaycanın bir çox bölgələrində sinif-dərs sistemi tətbiq edilən məktəblər mövcud idi. Dərslər siniflərdə kollektiv şəkildə müəllimlər tərəfindən keçirilirdi. Təbii ki, burada xüsusi üsulla şagirdlərə oxumaq və yazmaq öyrədilirdi:
Elmi-xətə ömrün eyləyib sərf
Məşq etmiş idi həmin iki hərf
Bir səfhədə “lam”ü “ya” mükərrər,
Yazardı onu qılardı əzbər.
Yuxarıdaki qeyd olunan faktlara istinad edərək müqayisəli araşdırma əsasında belə bir ortaq nəticəyə gəlmək olar ki, sinif-dərs sisteminin tarixi daha qədimdir. Bu sistem XII əsrdə ilk dəfə olaraq Azərbaycan məktələrində meydana gəlib. Xalqımızın görkəmli müəllim və pedaqoqları tərəfindən bu sistem XVI əsrdə daha da inkişaf etdirilib. Hətta sinif-dərs sisteminin təşkili üçün ilk addımların atıldığı Ukrayna və Belorusiya qardaşlıqları məktəblərində də Azərbaycan məktəblərində mövcud olan dərs-sinif sisteminə oxşar sistem yaradılmışdı.
Taleh Xəlilov
Pedaqogika üzrə fəlsəfə doktoru