AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aprelin 8-nə olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində yeni 2738 (N06E72, Hsx/alpha) şəklində nömrələnmiş oblast fırlanaraq disk üzərində qərarlaşıb, B sinifli bir sıra alışmalar baş verib. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə edilməyib. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olub.
Proqnoz günlərində (8-10 aprel) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin C sinfindən olan alışmaların başvermə ehtimalı istisna edilmir. Həmçinin Günəş küləyinin parametrlərində nominal rejim müşahidə olunacaq. Proqnoz dövründə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağı qiymətləndirilir.