NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universiteti tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.
Tədbirdə Universitetin prorektoru Hüseyn Bağırsoylu 2019-cu ilin ölkəmizdə “Nəsimi ili" elan edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Sonra universitetin Tələbə Gənclər Təşkilatının sədri Zakir Məmmədov bildirib ki, “Nəsimi həftəsi” 8-12 aprel tarixlərini əhatə edəcək. Hazırlanmış qrafikə əsasən birinci gün “Nəsimi” tarixi filminin nümayişi, aprelin 9-da “Nə? Harada? Nə zaman?” intellektual oyunu, aprelin 10-da Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Bundan başqa aprelin 11-də “İmadəddin Nəsimi-650” adlı elmi konfransı və aprelin 12-də isə tələbələrin Culfa rayonunda Xanəgah Abidə Kompleksinə ekskursiyası nəzərdə tutulub. Tələbələr həmçinin “Nəsimi” filminə baxıblar.
Seyfur Hacımuradov