Naxçıvan Dövlət Universitetində 27 Mart – Elm Gününə həsr olunmuş “Elm aylığı 2026” çərçivəsində “Elmdə müasir çağırışlar və innovativlik” mövzusunda elmi-praktik konfransın açılış mərasimi olub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, tədbirdən əvvəl magistrantların dissertasiya, monoqrafiya və metodik vəsaitlərindən ibarət sərgiyə baxış olub.
Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Universitetin rektoru Elbrus İsayev çıxışında bildirib ki, müasir dövrdə elm artıq əsas güc amilinə çevrilib və əvvəlki dövrlərdən fərqli olaraq bu gün inkişafın aparıcı qüvvəsi məhz elmdir. Rektor dövlət başçısının milli mentalitetin qorunması, multikulturalizm, süni intellekt və rəqəmsallaşma strategiyası ilə bağlı çağırışlarını xatırladaraq yeni elmi yanaşmaların formalaşdırılmasının vacibliyini vurğulayıb.
Elbrus İsayev gənclərə elmlə bağlı bir sıra tövsiyələr verib və elmlə məşğul olan şəxsləri təbrik edərək, onlara yeni elmi nailiyyətlər arzulayıb.
Universitetin Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov “Elmdə müasir çağırışlar: yeni strategiyalar və trendlər” mövzusunda çıxış edərək qlobal elmi mühitdə baş verən dəyişikliklərdən, innovasiya əsaslı inkişaf modelinin əhəmiyyətindən və rəqəmsal transformasiyanın elmə təsirindən danışıb.
Prorektor, həmçinin universitetdə elmi tədqiqatların keyfiyyətinin artırılması, innovativ layihələrin təşviqi və gənc tədqiqatçıların potensialının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev “Elmdə keyfiyyət axtarışı, dayanıqlılıq, məsuliyyət və dürüstlük” mövzusunda, “İqtisadiyyat və marketinq” kafedrasının müdiri Eltun İbrahimov isə “Elm və biznes mühiti: sənaye əsaslı tədqiqatlar” barədə məruzə ilə çıxış ediblər. Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə “Tələbə elmi tədqiqatlarında mövcud reallıqlar, yeni çağırışlar və islahat istiqamətləri” mövzusunda fikirlərini bölüşüb.
Bədii hissədə Magistratura və doktorantura mərkəzinin incəsənət sahəsi üzrə magistratura pilləsində təhsil alan tələbələrinin ifasında Sevda Məmmədlinin “Memories”, Astor Piazzollanın “Libertango”, Ramiz Mirişlinin “Bir könül sındırmışam” və digər musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, martın 27-dək davam edəcək konfrans müxtəlif mövzular ətrafında 4 panel üzrə müzakirə olunacaq. Eyni zamanda “Elm aylığı” çərçivəsində elmi tədqiqat bacarıqlarının inkişafına dair akademik təlimlərin təşkili nəzərdə tutulur.
