İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Hüsnan Bəy Fanani Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
NUHÇIXAN xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbirdə çıxış edən rektor ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirib. Universitetdə hazırda 500-ə yaxın xarici tələbənin təhsil aldığı vurğulanıb. Qeyd edilib ki, universitet müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsini həyata keçirir. Universitetdə hər bir fakültə üçün ayrıca tədris korpusunun olduğunu diqqətə çatdıran rektor, bunu Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı kimi dəyərləndirib.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən diplomat bildirib ki, artıq 3 ildir Azərbaycanda səfir kimi fəaliyyət göstərir. Öz ölkəsi haqqında təqdimatla çıxış edən Hüsnan Bəy Fanani ölkəsinin tarixi, coğrafi mövqeyi, mədəniyyəti, ictimai-siyasi və iqtisadi vəziyyəti, ordusu, İndoneziya-Azərbaycan əlaqələri barədə ətraflı məlumat verib. Diplomat vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini, ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
İncəsənət fakültəsində davam edən görüşdə pianoda Müslüm Maqomayevin “Azərbaycan” mahnısının universitetin kamera orkestrinin müşayiəti ilə ifa edilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Səadət Əliyeva