Dünya hər gün dəyişir, dünya dəyişirsə, insan da dəyişir. Texnologiya bütün müsbət cəhətləri ilə birgə mənfiliklər də gətirir. Texnologiya insanları sadəcə başqalarından deyil, həm də özündən uzaqlaşdırır. Nyuton təbiətdə vaxt keçirməsəydi, başına alma düşməzdi, cazibə qanunu kəşf olunmazdı, Fleminq laboratoriyada kif göbələyinin bakteriyaları məhv etdiyini görməsəydi, penisilin kəşf olunmazdı, Enşteyn özü özünə sual verməsəydi, nisbilik nəzəriyyəsi yaranmazdı, Nizami ömrünü sadəcə bir şəhərdə keçirərək dövrünün bütün elmlərinə kamil yiyələnməzdi... Bəşəriyyətin xilası düşünən, sorğulayan insanlardan başlayıb. Tək qalmaq və öz-özünə düşünmək...
İndi insanlar özləri ilə tək qala bilmir, çoxluq bütün günü telefondadır... Ona görə kəşflər azalır, ona görə hər şeyin əvvəlkisini axtarırıq.
Bütün bu dəyişikliklər dövründə sosial şəbəkələrdə bir dəqiqəlik videonu belə izləməyə səbri çatmayan gənclikdən ümidi üzmək olarmı? Doğrudan da, düşünən və yaradan gənclik ancaq keçmişdəmi qalıb?
Əminliklə deyə bilərəm ki, gənclik haqqında belə düşünənlər yanılırlar. Naxçıvan Dövlət Universitetində təhsil alan gənclərə nəzərə salmaq onlara böyük ümidlər bəsləmək üçün kifayətdir. Gəlin hər şeyin əvvəlkisini axtarmaqla keçmişi arzulamaq əvəzinə, bu günün reallığını dəyərləndirək: 2025-ci il ərzində NDU-da gənclər nə ediblər?
2025-ci il ərzində 4132 tələbəni əhatə edən 66 elmi layihə icra olunub. İl ərzində tələbələr tərəfindən 159 elmi, 47 publisistik məqalə nəşr edilib. Dərc edilən elmi nəşrlərin təxminən üçdə biri yüksək impakt faktorlu jurnallarda çap olunub. Həmçinin bu göstəricilərə tələbələr tərəfindən yazılmış Scopus və Web of Science indeksli 3 elmi məqalə də daxildir. Bununla yanaşı, 2025–2026-cı tədris ilində 647 müəllimin elmi rəhbərliyi ilə 1775 tələbə tərəfindən 1771 mövzu üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Əldə olunan bütün bu göstəricilər son 9 ilin ən yüksək nəticələridir.
Bu yüksək elmi nəticələrin əldə edilməsində Naxçıvan Dövlət Universitetində tələbələr üçün yaradılmış tədqiqat imkanları, yeni laboratoriyalar, mərkəzlər xüsusi rol oynayır. Təkcə 2025-ci ildə universitetdə bir sıra yeni mərkəzlər ilk dəfə istifadəyə verilib. Bunlar Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, İnnovasiya Mərkəzi, İnklüziv Təhsil Mərkəzi, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, Ömürboyu Təhsil və Futurologiya Mərkəzi, eləcə də Konservatoriyada Elektron Filarmoniya – LOLA sistemidir. Belə bir mühitdə gənclər öz maraqlarını, ideyalarını reallaşdırır, beynəlxalq elmin qapılarını açırlar. II-III kurs tələbələrinin Scopus bazalı jurnallarda məqalə nəşr etdirməsi, həqiqətən də, böyük uğurdur. Onların məqalələri hansısa qatı açılmayan jurnallarda saralıb itməyəcək, beynəlxalq aləmdə tanınacaq və dəfələrlə oxunacaq. NDU tələbələri indidən Google Scholar, ResearchGate, Scopus, Web of Science kimi nüfuzlu bazalarda öz elmi profillərini yaradırlar.
NDU-nun Elmi Kitabxanasını gecə-gündüz ya kitab oxuyan, ya da kompüterdə araşdırma edən tələbələrlə dolu görürük. Kitab resurslarının sayı 40 milyona çatan kitabxana tələbələrin öz biliklərini zənginləşdirməsi üçün ən əlverişli məkandır.
Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti yüzlərlə tələbəni öz ətrafında birləşdirir, həmin tələbələr universitetin müəllimlərinin də dəstəyini alaraq öz elm yollarını müəyyənləşdirirlər.
Naxçıvan Dövlət Universitetində elmi fəaliyyət və aparılan tədqiqatlar yalnız tələbələrlə məhdudlaşmır, eyni zamanda NDU nəzdində fəaliyyət göstərən məktəblərdə də elmi fəaliyyətin təşkili və tətbiqi geniş həyata keçirilir.
Belə ki, 2025-ci ildə NDU nəzdində Gimnaziyada və Beynəlxalq Kembric Məktəbində ölkədə ilk dəfə olaraq Şagird Elmi Cəmiyyəti fəaliyyətə başlayıb. Bu, şagirdlərin elmə marağının artırılması, onların tədqiqatyönümlü təhsil alması istiqamətində atılmış ən mühüm addım və elmə sərmayedir. Bu şagirdlərdə elmə maraq lap ibtidaidən yaradılır, onlar elmə əlçatmaz, uzaq bir anlayış kimi baxmayacaqlar, çünki onlar elmlə iç-içə böyüyürlər. Ölkənin və dünyanın bir çox tanınmış ziyalıları ilə görüşlərin Beynəlxalq Kembric Məktəbində və NDU nəzdində Gimnaziyada keçirilməsi heç də təsadüf deyil. Bu gün, sözün əsl mənasında, böyük elm və sənət adamları ilə görüşən şagirdlər gələcəyin böyük insanı olmaq xəyalları qururlar. Belə bir söz var: “İnanmaq bacarmağın yarısıdır”. Onlar, əlbəttə, bacaracaqlar.
Bu yaxınlarda belə bir xəbər aldıq: NDU nəzdində Gimnaziyanın komandası “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində böyük uğura imza ataraq I yerə layiq görülüb və qızıl medal qazanıb. Onlar “ReseptPlus” adlı innovativ layihə ilə bu qələbəyə nail olublar. NDU-da yeni lahiyələr, startaplar, yeni məqalələr nəinki tələbələrin, hətta şagirdlərin simasında öz sözünü deyir.
NDU-da təhsil aldığım və fəaliyyət göstərdiyim 10 illik zaman kəsiyində bir şeyi dəqiq müşahidə etmişəm: burada heç bir uğurlu tələbə diqqətdən kənarda qalmır. Tələbələri daha çox çalışmağa, onları elmə həvəsləndirən əsas məqamlardan biri də budur.
Son dövrlərdə əcnəbi professorların davamlı olaraq NDU-ya dəvət olunması, dünyanın bir çox nüfuzlu universitetləri ilə mübadilə proqramları öz bəhrəsini verir.
Bu gün Naxçıvan Dövlət Universitetində elmin inkişafı üçün atılan addımların nəticəsini illər sonra daha aydın görəcəyik. Əlbəttə, bir universitetin uğuru verdiyi diplomların sayı ilə deyil, o diplomu alan tələbələrin nə qədər peşəkar yetişməsi ilə ölçülür. Təsadüf deyil ki, bu gün NDU-da çalışan, öz bilik və bacarıqlarını gələcək nəsillərə ötürən mütəxəssislərin əksəriyyəti elə bu universitetin məzunlarıdır. Onlar yetişirlər və yetişdirirlər.
Qeyd etdiklərim qazanılan uğurların sadəcə kiçik bir hissəsi idi.
Gənclik oxuyur, araşdırır, sorğulayır, öyrənir... Gənclik həm də elmdədir!
Gülay Tahirli
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi
