AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə oxunması zəruri olan kitablar siyahısına daxil olan Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib.
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev görkəmli yazıçı-publisist və maarifçi-pedaqoq Eynəli bəy Sultanovun həyat və yaradıcılığından bəhs edib, ədibin fəaliyyətinin öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Eynəli bəy Sultanovun publisistik fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, ədibin “Keçmiş haqqında iki kəlmə”, “Naxçıvan şəhərində kişi gimnaziyasının açılması haqqında”, “Novruz bayramı”, “Suallar və cavablar”, “Naxçıvan məktubları” silsiləsindən dərc edilən məqalələrində müəllifin daxilindəki Vətən sevgisi, xalqının maariflənməsi istiqamətindəki fəaliyyəti diqqəti cəlb edir.
İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova və kitabxananın direktoru Sahab Əliyeva çıxış ediblər.
Tədbirin sonunda Eynəli bəy Sultanovun həyat və fəaliyyətini əks etdirən “Onun həyat amalı” filmi nümayiş olunub.