“Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və hami ixtisaslarda təhsil alan tələbələrin iştirakı ilə “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib. Tədbir Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində baş tutub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təqdimatda qeyd edib ki, “Pedaqoji fikir tarixindən” kitabı 10 min tirajla nəşr edilib. Onun 8 mindən çoxu muxtar respublika ümumtəhsil məktəblərinin müəllimləri və məktəb kitabxanalarına verilib. Elmi-pedaqoji əhəmiyyəti, yeni nəslin təlim-tərbiyəsində rolu nəzərə alınaraq kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib.
Bildirilib ki, yeni nəşrdə tərbiyə, təhsil, təlim problemləri, ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, ziyalıların pedaqoji xidmətləri və görüşləri yer alıb. Həmçinin ayrı-ayrı dövrlərdə təhsil məsələlərini və maarifləndiricilik missiyasını yerinə yetirən şəxslərin fəaliyyəti ümumiləşdirilib, yaşanmış tarixin elmi-pedaqoji mənzərəsi öz əksini tapıb.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib.
Sonda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri tərəfindən “Pedaqoji fikir tarixindən” kitabından görkəmli pedaqoqlara aid seçmələr oxunub, Məhəmməd Tağı Sidqiyə həsr olunan “Xalqın müəllimi” sənədli filminə baxış olub.
Aygün Hüseynli