Naxçıvanda təhsil müəssisələrində yeni laboratoriyalar və emalatxanalar yaradılacaq

A- A A+

Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp arasında əməkdaşlıq sazişi imzalanıb.

NUHÇIXAN xəbər verir ki, sənədin imzalanmasından sonra jurnalistlərə açıqlama verən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli sazişi əməkdaşlıq üçün mühüm başlanğıc kimi qiymətləndirib. O bildirib ki, bu addım regionda bacarıqların uzunmüddətli inkişafına verilən önəmin göstəricisidir.

Onun sözlərinə görə, sənəd yerli ehtiyaclar nəzərə alınmaqla istedadlı şagirdlərə dəstək, tədris imkanlarının genişləndirilməsi və təhsil infrastrukturunun təkmilləşdirilməsinə şərait yaradacaq.

Saziş çərçivəsində Naxçıvanda bir sıra təhsil layihələrinin icrası nəzərdə tutulur. Belə ki, bp tərəfindən bir neçə məktəbdə kimya laboratoriyaları qurulacaq və ya mövcud laboratoriyalar zənginləşdiriləcək. Peşə təhsili müəssisələrində isə istehsalat emalatxanaları yaradılacaq və ya yenilənəcək.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində ingilis dili müəllimlərinin peşəkarlığının artırılması üçün xüsusi proqramlar həyata keçiriləcək. Bu prosesə British Council də cəlb olunacaq və nəticədə müəllimlərin beynəlxalq sertifikasiyası təmin ediləcək.

Bundan əlavə, layihə çərçivəsində yeni 2-i istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində, 2 yeni laborotoriyalar isə, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yaradılacaq. 

Bu infrastruktur həm şagirdlərin, həm də tələbələrin təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Saziş həmçinin istedadlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlanmasını da əhatə edir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində bu sahədə təcrübəsi olan müəllimlər Naxçıvana cəlb olunacaq və şagirdlərlə xüsusi proqram əsasında məşğələlər keçiriləcək.

Qeyd olunub ki, həyata keçiriləcək layihələr nəticəsində Naxçıvan məktəblilərinin də beynəlxalq olimpiadalarda daha fəal təmsil olunması gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: