Naxçıvan Dövlət Universtieti “Mədəni irs və dayanıqlı turizm” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcək
Məlum olduğu kimi 30 dekabr 2025-ci il tarixdə Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev müvafiq Sərəncam imzalamışdır. Bu istiqamətdə 25-26 may 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçiriləcək “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı” (ICCHST - NAXÇIVAN-2026) Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə və türk dövlətlərinin ortaq dəyərlərinin birləşdirilməsinə həsr olunmaqla mədəni irs və turizm sahəsində aparılan müasir tədqiqatların müzakirəsinə və elmi fikir mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verəcəkdir.
Konfransın əhəmiyyəti, onun məqsədləri və burada iştirak qaydaları haqqında NUHÇIXAN-a məlumat verən təşkilat komitəsinin üzvü, Naxçıvan Dövlət Universitetinin “Bələdiyyə və turizm” kafedrasının dosenti Əli Cabbarov bildirib ki, Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvaninin 900 illik əlamətdar yubileyi ölkəmizin zəngin mədəni irsinin və memarlıq ənənələrinin beynəlxalq səviyyədə təbliği baxımından mühüm hadisədir. Belə ki, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri olmuş Naxçıvan şəhərində yaşayıb fəaliyyət göstərmiş Əcəmi Naxçıvaninin irsinin tədqiqi və yaşadılması həmişə diqqət mərkəzində olmuş və Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə böyük memarın 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir. Əcəmi Naxçıvaninin 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi isə bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır.
Evsahibi olan universitetin əməkdaşı qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan Naxçıvanda keçiriləcək bu mühüm elmi tədbir isə milli-mədəni irsimizin tədqiqi, təbliği və qorunması istiqamətində qarşıya qoyulmuş vəzifələrin bir hissəsi olmaqla, həm də dayanıqlı turizm və ümumilikdə dayanıqlı inkişaf strategiyalarının gücləndirilməsi üçün mühüm platforma kimi çıxış edəcək. Belə ki, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Karadeniz Teknik Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Macarıstanın Széchenyi István Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Daşkənd Dövlət İqtisad Universiteti, Pamukkale Universiteti, Bayburt Universiteti və Adıyaman Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq bu konfransda tarixi, arxeoloji və mədəni irsin nəzəri əsasları, mədəni irsin qorunması və turizmin inkişafı, ağıllı turizm və qonaqpərvərlik idarəçiliyində innovasiyalar, turizm və iqlim dəyişikliyi kontekstində dayanıqlılıq, davamlı turizmin iqtisadi, təhsil və geosiyasi aspektləri kimi müasir dövrün aktual məsələləri müzakirə obyekti olacaq.
Aprelin 30-na qədər öz çıxışlarını göndərə biləcək konfrans iştirakçıları üçün həm üz-üzə, həm də onlayn formada qatılmaq imkanları yaradılacaq və konfransın ikinci günü təşkil olunacaq maraqlı Naxçıvan turu çərçivəsində onlar qədim diyarın görməli yerləri ilə də tanışlıq imkanı əldə edəcəklər, — deyə Əli Cabbarov vurğulayıb.
Qeyd edək ki, konfrans haqqında ətraflı məlumat universitetin rəsmi internet səhifəsində yerləşdirilib.
