Universitet deyiləndə ilk olaraq dərslər, imtahanlar, auditoriyalar yada düşür. Universitet həyatı sadəcə bunlarla məhdudlaşmır, bəzən yeni tanışlıqların, dostluqların, tədbirlərin, konsertlərin, universitet bufetində içilən çayların, kitabxanada keçən saatların xatirəsi ömür boyu bizimlə qalır. Universitet insanın öz potensialını kəşf etdiyi, gələcəyini formalaşdırdığı və həyatın müxtəlif sahələrinə hazırlandığı çoxşaxəli inkişaf mərhələsi, bir sözlə,- həyat məktəbidir. Ali təhsil ocaqları sadəcə auditoriyaları ilə deyil, həm də auditoriyadan kənarda görülən işləri ilə dəyər qazanır. Bu baxımdan Naxçıvan Dövlət Universitetində, xüsusilə, son illərdə görülən işlər böyük əhəmiyyət daşıyır.
Nə xoş ki, bu universitetin tələbələri gələcək üçün unudulmaz xatirələr toplayırlar.
Gəlin etiraf edək ki, bu gün bir çox tədbirlərə insanlar könülsüz gedirlər, amma mən dəfələrlə Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak üçün hətta göz yaşı tökən tələbələrlə rastlaşmışam. Məsələn, İlber Ortaylı ilə görüş... Türk dünyasının böyük aliminin bizim məmləkətimizə, bizim universitetimizə gəlməsi, onu canlı-canlı dinləyə bilmək, həqiqətən də, böyük şans idi. O anlarda zalda əyləşən insanlar saata baxmağı, qapıya tərəf dönməyi unutmuşdular.
Türk dünyasının “Nobel” mükafatçısı Aziz Sancar, dünya şöhrətli macar yazıçı Şandor Lejak, tanınmış astrofizik-alim Umut Yıldız, TÜRKSOY-un baş katibi Sultan Raev, xalq yazıçısı Kamal Abdulla, Rafiq Əliyev, Mənsum İbrahimov, bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində ustad dərsləri keçən tanınmış sənətkarlar, respublikanın xalq artistləri və daha kimlər, kimlər... Bu görüşlərin hər biri tələbələrin yaddaşına ömürlük həkk olunur.
2021-ci ildə Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri yaradılıb. Simfonik Orkestr Naxçıvan MR-də, həm də muxtar respublikadan kənarda, o cümlədən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ümumilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş tədbirdə, 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan film musiqilərindən ibarət” konsertdə və s. bu kimi bir çox dövlət əhəmiyyətli tədbirlərdə yüksək səviyyədə çıxış edib. Auditoriyalarda elm öyrənən tələbələr bu konsertlərdə ruhlarını dincəltmək imkanı əldə ediblər.
Simfonik Orkestr, NDU Caz qrupu, Qədim Xalq Çalğı Alətləri ansamblı – adlarından da göründüyü kimi, millilik, beynəmiləllik, qədimlik və müasirliyi əhatə edən bu tədbirlər tələbələrə musiqinin bütün qolları ilə tanışlıq imkanı verir.
Sadəcə diplomla şəxsiyyət formalaşmaz, şəxsiyyət ən çox belə mədəni tədbirlərdə, qloballaşan dünyada hələ də insan qəlbini fəth edə bilən incəsənətdə formalaşır. Təsadüfi deyil ki, NDU-da keçirilən əksər tədbirlərin bədii hissəsi mütləq olur. Məsələn, dünən Naxçıvan Dövlət Universitetində “2025-2026-cı tədris ilində TEC xətti ilə aparılan elmi tədqiqat işlərinin Başlanğıc Konfransı” keçirildi, bu elmi konfransın belə sonunda bədii hissə vardı, İncəsənət fakültəsinin “Belkanto” vokal qrupunun ifasında bir-birindən maraqlı musiqi nömrələri dinlədik. Dinlədik və dincəldik... Həmişə olduğu kimi...
Bir də tədbirlərimizin bəzəyi olan sərgilər var. Bu sərgilər universitet həyatına xüsusi rəng qatır, yaradıcılığın və estetik zövqün ən gözəl ifadəsinə çevrilir. Sərgi zallarında dolaşdıqca rənglərin dili, formaların ahəngi və ideyaların dərinliyi insanı özünə çəkir. Tələbələr bu əsərlər vasitəsilə həm başqalarının yaradıcılığı ilə tanış olur, həm də öz daxili dünyalarını kəşf etməyə bir addım daha yaxınlaşırlar. Belə tədbirlər onların estetik zövqünü formalaşdırır, yaradıcılıq potensialını üzə çıxarır və yaddaşlarda iz buraxır.
Hörmətli rektorumuz Elbrus İsayev çıxışlarında hər zaman milli-mənəvi dəyərlərimizə sahib çıxmağın, gənclərə vətənpərvərlik duyğusunu aşılamağın, onların həm də emosional zəkasını inkişaf etdirməyin prioritet istiqamətlərimizdən biri olduğunu vurğulayır. Və bu fikirlərin heç bir sözdə qalmır, əməldə də görünür. Axı söz ancaq əmələ çevrildiyi zaman dəyərli olur.
Universitetimizdə biz müəllimlərdən tələb olunan işlərdən biri də auditoriyadan kənar dərslərdir. Bəzən muzeydə, bəzən təbiətin qoynunda, bəzən teatrda keçirilən bu dərslər tələbələrin yaddaşında özünə yer edir.
NDU Elmi Kitabxanasını da hər zaman tələbələrlə dolu görürük. 40 milyondan artıq resursa çıxış imkanı təqdim edən bu kitabxana həm də ideyaların doğulduğu, fikirlərin formalaşdığı bir mərkəzdir. Burada tələbə və tədqiqatçılar üçün hər cür şərait yaradılıb: rahat mütaliə zonaları, müasir texnologiyalar, zəngin elektron bazalar… Bütün bunlar gənclərin araşdırmalarını daha səmərəli və məhsuldar etməsinə xidmət edir. Burada qazanılan hər təcrübə, oxunan hər sətir gələcək uğurların təməlini qoyur və bu gənclər zamanla öz zəhmətlərinin bəhrəsini qürurla seyr edəcəkləri bir zirvəyə doğru addımlayırlar.
Naxçıvan Dövlət Universitetində könüllülük fəaliyyəti də tələbə həyatının mühüm və dinamik istiqamətlərindən biridir. Bu fəaliyyətlər tələbələrin yalnız akademik biliklərlə kifayətlənməməsi, eyni zamanda praktiki təcrübə qazanması və cəmiyyətə faydalı fərd kimi formalaşması məqsədi daşıyır.
Universitetdə könüllülük fəaliyyəti müxtəlif sahələri əhatə edir. Tələbələr sosial layihələrdə, mədəni tədbirlərdə, elmi konfranslarda və ictimai aksiyalarda fəal iştirak edirlər. Bu fəaliyyətlər onların təşkilatçılıq bacarıqlarını inkişaf etdirir, komanda ilə işləmə vərdişlərini gücləndirir, liderlik keyfiyyətlərini formalaşdırır və əmək bazarına daha təcrübəli addım atmalarında mühüm rol oynayır.
Ümumilikdə, Naxçıvan Dövlət Universiteti 8 müxtəlif könüllülük proqramını vahid platformada birləşdirərək tələbələr üçün kompleks və inklüziv könüllülər mühiti formalaşdırıb. Könüllülələrimizlə, onların fəaliyyətləri ilə yaxından tanış olan biri kimi deyə bilərəm ki, bu gənclər məsuliyyətli, təşəbbüskar, cəmiyyətə fayda verməyə çalışan fərdlərdir. Onlar öz işlərinə sadəcə vəzifə kimi deyil, daha çox məsuliyyət və dəyər kimi yanaşırlar. NDU-da könüllülük, doğrudan da, könül işidir.
NDU-da tələbələr auditoriyadan kənar fəaliyyətlərdə də özlərini inkişaf etdirir, elm və mədəniyyətin zəngin ahəngində formalaşırlar. Auditoriyadan kənarda yaşanan hər bir an - istər tədbir, istər könüllülük fəaliyyəti, istərsə də tələbə təşəbbüsləri gənclərin dünyagörüşünü genişləndirir və onların gələcəyini daha möhkəm əsaslar üzərində qurmasına şərait yaradır. Bu baxımdan NDU-da tələbəlik, sadəcə oxumaq deyil, eyni zamanda yaşamaq, öyrənmək və formalaşmaq prosesidir. Beləcə, burada hər bir tələbə öz yolunu tapır, öz izini qoyur və universitet həyatının rəngarəng dünyasında gələcəyinə doğru inamla addımlayır.
Gülay Tahirli
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi
