NDU-dan İtaliyaya uzanan təcrübə yolu - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə V kurs tələbəsi Elmira Quliyeva istehsalat təcrübəsini hazırda İtaliyanın Pisa Universitetində keçir. Onunla tələbəlik həyatının bu unudulmaz təcrübəsi barədə söhbətləşdik.
Elmira xanım, istehsalat təcrübəniz necə keçir, nələr qazanırsınız?
İstehsalat təcrübəm çox səmərəli və maraqlı şəkildə davam edir. Bu müddət ərzində torpaqşünaslıq və aqrokimya sahəsində nəzəri biliklərimi praktik mühitdə tətbiq etmək imkanı əldə etmişəm. Xüsusilə, torpaq nümunələrinin götürülməsi, laboratoriya şəraitində pH, humus və digər qida elementlərinin analizinin aparılması kimi işlərdə iştirak etmişəm.
Bununla yanaşı, tədqiqat aparmaq, nəticələri təhlil etmək və elmi yanaşma ilə işləmək bacarığım xeyli inkişaf edib. Ən önəmlisi isə odur ki, bu təcrübə mənə öz sahəmə daha peşəkar yanaşmağı və gələcək fəaliyyətimi daha dəqiq planlaşdırmağı öyrədib.
Naxçıvan Dövlət Universitetində əldə etdiyiniz biliklər sizi bu təcrübəyə necə hazırlayıb? Sizcə, NDU tələbələri xaricdə rəqabətə davamlıdırmı?
Naxçıvan Dövlət Universitetində aldığım təhsil bu təcrübəyə hazırlaşmağımda əsas rol oynayıb. Universitet mənə ixtisasım üzrə güclü nəzəri baza və fundamental biliklər qazandırıb. Müəllimlərin dəstəyi və tədris prosesinin keyfiyyəti sayəsində bu bilikləri rahatlıqla tətbiq edə bildim.
Hesab edirəm ki, NDU tələbələri kifayət qədər rəqabətə davamlıdırlar. Əgər tələbə öz üzərində işləyirsə, dil biliklərini inkişaf etdirirsə və aktivdirsə, beynəlxalq mühitdə uğur qazanmaq üçün bütün potensiala malikdir.
Pisa Universiteti ilə Naxçıvan Dövlət Universitetini necə müqayisə edərdiniz? Hansı sahələrdə Naxçıvan Dövlət Universiteti daha yaxşıdır, Pisa Universitetindən nələr öyrənə bilərik?
Hər iki universitetin özünəməxsus üstünlükləri var. Pisa Universitetində xüsusilə laboratoriya imkanlarının genişliyi, texniki təminat və beynəlxalq mühit diqqətimi çəkdi. Burada praktikaya daha çox önəm verilir və tələbələr tədqiqat prosesinə birbaşa cəlb olunurlar.
Naxçıvan Dövlət Universitetində isə tələbə–müəllim münasibətləri daha yaxın və səmimidir, nəzəri biliklərin verilməsi isə kifayət qədər güclüdür. Son illərdə NDU-da yeni laboratoriyaların açılması təqdirəlayiqdir. Orada qazandığım bilikləri burada daha da inkişaf etdirirəm. Ümumilikdə, hər iki universitet bir-birini tamamlayan xüsusiyyətlərə malikdir.
Azərbaycanlı olduğunuzu bilən italyanların reaksiyası necə olur?
Azərbaycanlı olduğumu öyrəndikdə çox maraq və hörmətlə qarşılayırlar. Əsasən, ölkəmizin coğrafiyası, mədəniyyəti, mətbəxi və tarixi haqqında suallar verirlər.
Mən də çalışıram ki, ölkəmiz haqqında düzgün və dolğun məlumat verim, Azərbaycanı müasir, inkişaf edən və zəngin mədəniyyətə malik bir ölkə kimi tanıdım. Bu, mənim üçün həm qürurverici, həm də məsuliyyətli bir məqamdır.
Milli-mənəvi dəyərlərimizi necə təbliğ edirsiniz?
Mən hesab edirəm ki, insan ilk növbədə davranışı ilə ölkəsini təmsil edir. Mən də çalışıram ki, məsuliyyətli, intizamlı və hörmətli davranışım ilə Azərbaycan haqqında müsbət fikir formalaşdırım.
Eyni zamanda Azərbaycan mədəniyyəti, adət-ənənələri, milli dəyərlərimiz və mətbəximiz haqqında məlumat verərək onları daha yaxından tanıtmağa çalışıram. Bu, həm mədəni mübadilə baxımından, həm də ölkəmizin tanıdılması üçün çox önəmlidir.
Pisa Universitetindəki müəllimləriniz və təcrübə yoldaşlarınız barədə təəssüratlarınız necədir?
Pisa Universitetində müəllimlər çox peşəkar, açıq fikirli və tələbələrə dəstək olan insanlardır. Onlar tələbələrin inkişafına xüsusi diqqət yetirirlər və hər zaman kömək etməyə hazırdırlar.
Təcrübə yoldaşlarım da müxtəlif ölkələrdən olan tələbələrdir və bu, mənə fərqli düşüncə tərzləri ilə tanış olmaq imkanı verdi. Bu beynəlxalq mühit həm ünsiyyət bacarıqlarımı, həm də dünyagörüşümü genişləndirdi.
İstehsalat təcrübəsi sizin üçün həm də yeni insanlar tanımaq, yeni yerlər kəşf etmək, başqa bir mədəniyyətlə tanışlıq baxımından böyük şans olub. Bu fürsəti necə dəyərləndirirsiniz?
Bu təcrübə mənim üçün sadəcə bir staj deyil, eyni zamanda həyatımda yeni bir mərhələdir. Burada yeni insanlar tanımaq, fərqli mədəniyyətlərlə ünsiyyətdə olmaq və beynəlxalq akademik mühitdə təcrübə qazanmaq mənim dünyagörüşümə böyük təsir göstərdi.
Eyni zamanda bu imkan mənə öz potensialımı daha yaxşı tanımaq və gələcək məqsədlərimi daha dəqiq müəyyənləşdirmək imkanı verdi.
Son olaraq, xaricdə istehsalat təcrübəsi keçmək istəyən NDU tələbələrinə nələr tövsiyə edərdiniz?
Xaricdə təcrübə keçmək istəyən tələbələrə tövsiyəm odur ki, ilk növbədə öz üzərlərində davamlı işləsinlər, dil biliklərini inkişaf etdirsinlər və qarşılarına çıxan imkanları dəyərləndirməkdən çəkinməsinlər. NDU tələbələri onlar üçün yaradılan imkanlar baxımından çox şanslıdırlar.
Bu cür təcrübələr insanın həm peşəkar biliklərini, həm də şəxsi keyfiyyətlərini inkişaf etdirir. Ən əsası isə insanın dünyaya baxışını dəyişir.
Söhbətləşdi: Gülay Tahirli
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi