Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Klinik fənlər və hərbi tibb kafedrasında fəaliyyətə başlayan Tibb Tələbələrinin Klinik Tədqiqatlar Araşdırma Qrupu – ARİS qısa müddətdə formalaşaraq elmi mühitdə özünü göstərməyə başlayıb. Yeni yaradılmasına baxmayaraq, bu qrup artıq tələbələrin elmi fəaliyyətə cəlb olunması, tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və akademik mühitə uyğunlaşması istiqamətində mühüm addımlar atır.
“Bu günün tələbəsi – sabahın alim həkimi” və “Elm – gələcəyin təbabətinin əsasını qurur.” şüarları ilə fəaliyyət göstərən ARİS tələbələr arasında elmi düşüncə tərzinin formalaşdırılmasını əsas prioritet kimi müəyyənləşdirib. Araşdırma, Reproduktiv, İnnovasiya və Sağlamlıq sözlərinin baş hərflərindən yaranan tələbə qrupu ARİSin məqsədini, həm də fəaliyyət istiqamətlərini özündə əks etdirir. Bu istiqamətlər müasir tibbin aktual sahələrini əhatə etməklə yanaşı, tələbələrin elmi potensialının üzə çıxarılmasına xidmət edir.
Qrupun rəhbəri Klinik fənlər və hərbi tibb kafedrasının müdiri Gültəkin Əliyeva ilə söhbətimiz zamanı bildirib ki, ARİS-in əsas məqsədi tibb tələbələrini elmi fəaliyyətə daha yaxın etmək və onların gələcək həkimlik yolunu təkcə nəzəri biliklə deyil, həm də tədqiqat bacarıqları ilə möhkəmləndirməkdir. Müsahibin sözlərinə görə, ARİS-də ən vacib məqam tələbələrdə elmi düşüncə tərzinin formalaşdırılmasıdır. “Biz istəyirik ki, tələbə yalnız dərs oxuyan deyil, eyni zamanda sual verən, araşdıran və nəticə çıxaran bir həkim kimi yetişsin,” – deyə o qeyd edir. ARİS tələbələrə elmi məqalə yazmaq, tezis hazırlamaq və konfranslarda iştirak etmək kimi mühüm akademik bacarıqlar qazandırır. Bu proses tələbələrin həm fərdi inkişafına, həm də gələcək peşəkar fəaliyyətinə ciddi təkan verir.
Söhbətimiz zamanı müsahibimiz bildirir ki, qrupumuzun tərkibi 10 nəfərdən ibarətdir və əsasən 5-ci və 6-cı kursda təhsil alan tibb tələbələrini əhatə edir. Onların arasında azərbaycanlı tələbələrlə yanaşı İran və Türkiyədən olan tələbələr də yer alır. Bu isə qrup daxilində beynəlxalq əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradır.
Qrup üzvləri mütəmadi olaraq Naxçıvan Dövlət Universitetində və Tibb Kollecində maarifləndirici elmi seminarlar keçirirlər. Bununla yanaşı, Türkiyənin iki universiteti və Özbəkistanın Səmərqənd Universitetinin tələbələri arasında biz dostluq əlaqələri yaratmışıq. “Biz tələbələrlə birgə klinik müşahidələr aparır, tədqiqat metodlarını hazırlayırıq. Eyni zamanda nəticələri elmi əsaslandıraraq, statistik analiz edərək məqalələr çıxarır, məqalə yazmağın incəliklərini öyrənirik.”
Gültəkin Əliyeva deyir ki, ARİS üzvləri təkcə öyrənmir, həm də öyrədirlər: “Biz həm seminarlar təşkil edirik, həm də tələbələrin özlərinin təqdimatlar etməsinə şərait yaradırıq. Məqsəd odur ki, onlar öz fikirlərini rahat ifadə edə bilsinlər və elmi mühitə alışsınlar.”
Müsahibimiz bildirib ki, artıq qrup üzvlərindən 4 nəfərin elmi məqalələri “Scopus” və “Web of Science” kimi beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda dərc olunub. Bu isə tələbələrin elmi fəaliyyətinin real nəticə verdiyini göstərir. Qrupun üzvlərinin fəaliyyətindən bəhs edən nəzərə çatdırıb ki, ARİS-in tələbə koordinatoru Babək Bəhrami elektrokardioqramma sahəsində əldə etdiyi 28 beynəlxalq sertifikatla seçilir. Tələbə ABŞ, İngiltərə, Fransa, İsveç və digər ölkələrdən müxtəlif təlim və sertifikasiya proqramlarında iştirak edib.
Babək Bəhraminin təşkilatçılığı ilə həyata keçirilən layihələrdən biri “Kardiogrammanın təməl prinsipləri” mövzusunda təşkil olunan 10 dərslik təlimdir ki, burada təlimin məqsədi ixtisasından asılı olmayaraq bütün gələcək həkimlərin elektrokardioqramma üzrə əsas biliklərə sahib olmasıdır.
Qrup üzvlərindən Cənubi Azərbaycandan olan Nazlı Məkizadə isə akupunktur(iynəbatırma) və alternativ müalicə üsulları üzrə çıxışlar edərək həm universitet daxilində, həm də Tibb Kollecinin tələbələri üçün maarifləndirici təqdimatlar həyata keçirir.
Bir sözlə, qrup üzvlərinin hamısı aktiv tələbələrdir ki, hər biri sahəsi üzrə özlərini həm praktiki, həm də akademik cəhətdən inkişaf etdirirlər. Bu isə öz növbəsində digər tələbələrə stimul verir.
Gültəkin Əliyeva sonda vurğulayıb ki, ARİS-in əsas məqsədi gələcək həkimlərin yalnız bilikli deyil, həm də məsuliyyətli və etik dəyərlərə sahib mütəxəssislər kimi formalaşmasıdır: “Biz tələbələrə hər zaman deyirik ki, həkimlik yalnız bilik deyil, həm də vicdan və məsuliyyət tələb edir. Əgər biz özümüz bilmədiyimiz bir dərmanı pasientə məsləhət görmürüksə, tələbəmizə də eyni məsuliyyət hissini aşılamalıyıq.”
ARİS bu gün artıq NDU-da sadəcə tələbə qrupu deyil, gələcəyin həkimlərini yetişdirən kiçik bir elmi məktəb kimi formalaşmaqdadır — burada hər bir tələbə həm öyrənir, həm də öz elmi yolunu qurmağa başlayır. Bu günün tələbəsi – sabahın alim həkimi olmaq yolunda irəliləyir.
Badəm Əliyeva
NDU,Media və ictimaiyyətlə əlaqələr şöbəsi
