Nehrəm Qəsəbə 3 nömrəli tam orta məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur - FOTOLAR
Tikintisi davam etdirilən Babək Rayon Nehrəm Qəsəbə 3 nömrəli tam orta məktəb binasında hazırda tikinti-quraşdırma işləri əsasən tamamlanıb.
NUHÇIXAN xəbər verir ki, hazırda sinif otaqları mebellərlə təmin edilir, bəzi sahələrdə isə son tamamlama işləri aparılır.
522 yerlik 3 mərtəbədən ibarət olacaq məktəbdə 30 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabinəsi, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərəcək.
Məktəbin idman infrastrukturu çərçivəsində 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, məktəbin həyətyanı ərazisində müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyi üçün su anbarları nəzərdə tutulub.
Layihə çərçivəsində məktəb binasında 60 yerlik uşaq bağçası da nəzərdə tutulub. Bağçada uşaqlar üçün yataq, idman və rəqs otaqları yaradılıb. Bu layihə ilə Nehrəm qəsəbəsində məktəb və bağça imkanlarını birləşdirən müasir təhsil kompleksi fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu kimi layihələr muxtar respublikada təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir infrastrukturun formalaşdırılmasına və şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına mühüm töhfə verir.