Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq.
NUHÇIXAN xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə deyib.
O bildirib ki, yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq:
"Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək".
