“Pillə-pillə” kitabının təqdimatı olub - FOTOLAR
Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə nəşr olunmuş “Pillə-pillə” kitabının təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov tədbirdə çıxış edərək demişdir ki, sürətlə inkişaf edən muxtar respublikamızda bütün sahələrə qayğı ilə yanaşılır. Şəhər, rayon və kəndlərimizdə müasir standartlara cavab verən təhsil müəssisəsləri və idman obyektləri tikilərək istifadəyə verilir. Qayğı ilə yanaşılan sahələrdən biri də şahmatdır. Məktəblərdə şahmat siniflərinin, rayonlarda müasirtipli şahmat məktəblərinin inşası bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlər dünya ölkələrində yaradılan şəraitdən heç də geri qalmır. Həmçinin zəka idman növünün kütləvi hal alması üçün dövlət tərəfindən məqsədyönlü addımlar atılır, tədbirlər planı hazırlanıb həyata keçirilir.
Diqqətə çatdırılmışdır ki, 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə Ali Məclis Sədrinin idmanın inkişafı və federasiyaların fəaliyyəti ilə bağlı verdiyi tapşırıqlar və qarşıya qoyduğu vəzifələrin icrası Şahmat Federasiyası tərəfindən də diqqətdə saxlanılır. Şahmatın uşaq və gənclər arasında kütləvi hal alması istiqamətində ardıcıl işlər görülür. Bu tədbirlər sırasında muxtar respublikada müəllim və şagirdlər üçün şahmat kitablarının tərcümə olunub çap etdirilməsi mühüm əhəmiyyət daşıyır. “Pillə-pillə” kitabının əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev tərəfindən redaktə edilərək çap olunub. Şahmatın sirlərindən və əsaslarından ibarət olan bu kitab müəllim və şagirdlərimiz üçün dəyərli vəsaitdir. Kitab gənc şahmatçıların püxtələşməsinə və onların peşəkarlığının artırılmasına köməklik edəcək. Bundan sonra da yeni kitablar nəşr olunaraq müəllim və şahmatçıların ixtiyarına veriləcəkdir.
Seymur Talıbov bu il də Naxçıvanda Beynəlxalq Şahmat Festivalının keçiriləcəyini bildirmiş və muxtar respublika şahmatçılarına yarışlarda uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd etmişdir ki, muxtar respublikada bütün sahələr kimi sağlam gəncliyin yetişdirilməsinə xidmət edən şahmatın inkişafına diqqət və qayğı göstərilir. Şahmat mərkəzi və məktəbləri 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunmuş, ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılmış, ümumilikdə ümumtəhsil məktəblərinə 490 ayaqlı, 500 asma və 3910 stolüstü şahmat dəsti verilmişdir. Nazir şahmatın tədrisi sahəsində qazanılan uğurların, eləcə də tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan islahatların tədris proqramına uyğun şahmata aid dərs vəsaitlərinin çap edilməsinə zəmin yaratdığını bildirərək vurğulamışdır ki, Şahmat Federasiyasının təşkilatçılığı ilə 800 nüsxə nəşr olunan və bu gün təqdimatı keçirilən “Pillə-pillə” kitabı məhz ümumtəhsil məktəblərində şahmatın dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlara olan ehtiyacının qarşılanması məqsədini daşıyır.
Tədbirdə Naxçıvan Şəhər Şahmat Mərkəzinin direktoru Emin Hacıyev, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Sabir Məmmədov, Naxçıvan Qarnizonu tam orta məktəbinin şahmat müəllimi Tural Zeynalov çıxış edərək Şahmat Federasiyasının təşəbbüsü ilə tərcümə edilmiş “Pillə-pillə” kitabını şahmat fənninin tədrisində mövcud çətinliklərin aradan qaldırılmasına və şahmatın tədrisi keyfıyyətinin yiiksəldilməsinə əsaslı təsir göstərəcəyini bildirmişlər. Çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə şahmatın inkişafına göstərdiyi qayğıya və şahmatçılara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin sertifikat almış şahmat müəllimlərinə “Pillə-pillə” kitabı təqdim olunmuşdur.
Qeyd edək ki, kitabda şahmatı sərbəst şəkildə öyrənənlər üçün nəzərdə tutulan nəzəri və praktik biliklərin sistemli şəkildə izahı, şahmatın əlifbası, fiqurların dəyəri, şahmat oyununun elementləri, dünya təcrübəsindəki yaradıcı oyunlardan nümunələr, bir sıra dünya çempionlarının şahmatla bağlı fikirləri və oyun nümunələri verilmişdir.
“Şərq qapısı”