Ali təhsil ocağında  “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu haqda maarifləndirici tədbir keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədən irəli  gələn məsələlərə dair tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamı kadr hazırlığına müasir yanaşma və vətəndaşın cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir. Rektor bildirib ki, layihənin əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır. Vurğulanıb ki, belə layihələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdiyi bilikləri digərləri ilə bölüşdürürlər.

Universitetin İqtisad fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov vurğulayıb ki, innovasiya, texnologiya, fəaliyyət müddəti, əhatə dairəsi, maliyyələşmə startapı kiçik biznesdən fərqləndirir.  Ali təhsil müəssisələri və biznes strukturları arasında partnyorluq, tərəfdaşlıq və əməkdaşlıq yaradan Enaktus layihəsindən də söhbət açılıb. Diqqətə çatdırılıb ki, Enaktus biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bugünün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. 

Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi Kərim Nəcəfov muxtar respublikanı təmsil edən “Noah Land” komandasının tərkibində Naxçıvan Dövlət Universiteti tələbələrinin təşkil etdiyi layihə əsasında finalda iştirak hüququ qazandıqlarını diqqətə çatdırıb.  Vurğulanıb ki, əsas ideyası ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edən layihənin məqsədi Naxçıvanı tanıtmaq məqsədilə muxtar respublikaya turist cəlb etmək, ənənəvi turizm turları ilə yanaşı xarici turlar təşkil etmək, Naxçıvanda online turizm saytı yaratmaqdır. Qeyd edilib ki, sonrakı mərhələdə isə bu ideyanın Azərbaycanda genişləndirilməsinə nail olmaq startap komadasının vəzifələrinə daxildir. 

Sonda Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” adlı qısametrajlı filmi nümayiş olunub. 

 

Səadət Əliyeva 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: