Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
DİM-dən NUHÇIXAN-a verilən məlumata görə, imtahan nəticələrinin emalının son mərhələsində (iş nömrələrinin deşifrə olunması) DİM İctimai Şurasının üzvü İKT məsələləri üzrə ekspert Osman Gündüz də iştirak edib.
İmtahanda iştirak etmiş şagirdlər (37434 nəfər) DİM-in internet saytında saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.