Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu görkəmli Azərbaycan aşığı və şairi Molla Cümənin (1854-1920) gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusunun əlyazmasını əldə edib.
İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, bu elm müəssisəsinin doktorantı Novruz Bəkirov Qax rayonunun Meşəbaş kəndindən əlyazmanı əldə edərək instituta təqdim edib.
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov deyib ki, 38 şeirdən ibarət bu topludakı 8 şeirə şairin indiyədək nəşr olunan kitablarında rast gəlinmir. Onları Molla Cümənin şagirdi, gürcü aşığı Konstantin Muradxanaşvili şairin dilindən eşidərək qələmə alıb. Molla Cümə XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycanın şimal-qərb bölgəsindəki aşıqların, eləcə də gürcü aşıqlarının yaradıcılığına güclü təsir edib. Bu əlyazma gürcü aşıqlarının Molla Cümənin şeirlərini Azərbaycan dilində ifa etdiklərini, Azərbaycan-gürcü ədəbi əlaqələrinin möhkəmlənməsində Molla Cümənin mühüm rol oynadığını göstərməkdədir.