Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış” III festival-konqresi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında məlumat verib.
Bildirilib ki, festival-konqresin ilk mərhələsi Naxçıvan şəhərində, ikinci mərhələsi isə Batabat yaylağında təşkil olunub. Layihənin növbəti mərhələsi bu dəfə Ordubad rayonunda keçiriləcək.
Qeyd olunub ki, əvvəlki illərdə təşkil edilən konfrans və elmi sessiyalar bu istiqamətdə mühüm elmi baza formalaşdırıb, yeni tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradıb. Tədbirlər həm akademik, həm də mədəni mühitdə geniş maraq doğurub.
İlk iki festival-konqres çərçivəsində Azərbaycanın müxtəlif universitetləri, akademiya və elmi-tədqiqat institutları ilə yanaşı, qardaş Türkiyə və digər ölkələrin ali təhsil müəssisələrində fəaliyyət göstərən tədqiqatçılar bir araya gələrək Qərbi Azərbaycanla bağlı elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıblar. Ümumilikdə festival-konqres müxtəlif formatlarda 17 mindən çox iştirakçını əhatə edib.
Mətbuat konfransında vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlar və qayıdış konsepsiyası elmi ictimaiyyət qarşısında mühüm vəzifələr formalaşdırıb. Dövlət başçısının səsləndirdiyi fikirlərin xalqımızın tarixində yeni mərhələnin başlanğıcı olduğu qeyd edilib.
Bildirilib ki, festival-konqresin əsas məqsədi Ermənistanın inzibati sərhədləri daxilində yerləşən qədim yurd yerlərimizdə xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin mədəni irsin təbliği, eyni zamanda Qərbi Azərbaycana sülh yolu ilə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyinin ifadə olunmasıdır.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının bütün rayonları, mədəniyyət müəssisələri və müxtəlif qurumlar təmsil olunacaq. Hazırda rayonlarda yaşayan, əslən Qərbi Azərbaycandan olan soydaşlarımız öz doğma yurd yerlərinin adət-ənənələrini, folklor nümunələrini, mədəniyyətini və kulinariya ənənələrini nümayiş etdirəcəklər.
Festival-konqresdə Azərbaycanın və xarici ölkələrin aparıcı universitetlərinin rektorları, millət vəkilləri, akademiklər, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.
