“Qərbi Azərbaycana qayıdış” festival-konqresində virtual səyahət və sərgilər təqdim olunacaq

A- A A+

“Qərbi Azərbaycana qayıdış” Festival-konqresinin birinci günü çərçivəsində Ordubad rayonunda geniş festival proqramı təşkil olunacaq.

Festival proqramı çərçivəsində “Qərbi Azərbaycan kənd modelinin formalaşdırılması” mövzusunda təqdimat keçiriləcək. Təqdimat zamanı iştirakçılar VR texnologiyası vasitəsilə Qərbi Azərbaycanda yerləşən yaşayış məntəqələri, tarixi-mədəni abidələr və qədim yurd yerlərinə virtual səyahət etmək imkanı əldə edəcəklər.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirib.

Tədbir çərçivəsində aşıqların iştirakı ilə Aşıq Məclisi də təşkil olunacaq. Məclisdə Qərbi Azərbaycanın zəngin saz-söz ənənələri, bölgəyə məxsus havalar, qoşmalar və dastan nümunələri təqdim ediləcək.

Festival-konqres çərçivəsində milli-mədəni irsin təbliği məqsədilə müxtəlif istiqamətlər üzrə sərgilər təşkil olunacaq.

Xalça sərgisində Qərbi Azərbaycana aid əl toxuma xalçalar, kilimlər və digər xalçaçılıq nümunələri nümayiş etdiriləcək. Ziyarətçilərə bölgənin ornament sistemi, rəng mədəniyyəti və xalça toxuma ənənələri barədə məlumat veriləcək.

Kulinariya sərgisində isə Qərbi Azərbaycan mətbəxinə aid milli yeməklər və məzələr təqdim olunacaq. Yeməklərin hazırlanma qaydası, tarixi və xüsusiyyətləri iştirakçılara QR-kod vasitəsilə rəqəmsal formada çatdırılacaq. Daha sonra iştirakçılar üçün milli yeməklərdən ibarət nahar süfrəsi təşkil ediləcək.

Rəsm sərgisində Qərbi Azərbaycana həsr olunmuş mənzərə, portret və miniatür əsərləri nümayiş etdiriləcək. Burada həm klassik, həm də müasir rəssamların əl işləri yer alacaq.

Toxuculuq sərgisində bölgəyə aid milli geyimlər, parçalar və bəzək əşyaları təqdim olunacaq. Sərgi Qərbi Azərbaycanın qədim əl sənətkarlığı ənənələrinin tanıdılmasına xidmət edəcək.

Festival proqramına daxil edilən kitab sərgisində isə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və xalq yaradıcılığına dair kitablar, monoqrafiyalar və arxiv materialları nümayiş olunacaq.

Flora və herbari sərgilərində Qərbi Azərbaycana məxsus bitki örtüyü, dağ çiçəkləri, dərman otları və nadir bitki nümunələri təqdim ediləcək. Bu sərgilər bölgənin zəngin təbii irsinin tanıdılması ilə yanaşı, maarifləndirici əhəmiyyət daşıyacaq.

Memarlıq sərgisində isə Qərbi Azərbaycanın tarixi memarlıq abidələri, ənənəvi yaşayış evləri, müdafiə tikililəri və dini memarlıq nümunələri maket və foto materiallar vasitəsilə ziyarətçilərə təqdim olunacaq.

Festival iştirakçıları üçün “Qərbi Azərbaycana virtual səyahət” layihəsi də təşkil ediləcək. Virtual reallıq texnologiyası vasitəsilə ziyarətçilər tarixi şəhər və kəndləri, mədəni abidələri və təbii mənzərələri interaktiv formada izləyə biləcəklər.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarında yaşayan, əslən Qərbi Azərbaycandan olan soydaşlarımız tərəfindən folklor nümunələri təqdim ediləcək, “Yallı” rəqsi və digər milli-mədəni kompozisiyalar nümayiş etdiriləcək.

Festival çərçivəsində Ordubad rayonunun qədim məhəllələrinə ekskursiya da təşkil olunacaq. Gəzinti zamanı iştirakçılar rayonun tarixi küçələri, qədim yaşayış evləri, memarlıq nümunələri və zəngin şəhərsalma ənənələri ilə yaxından tanış olacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: