“Qərbi Azərbaycana qayıdış” konqresində 8 istiqamət üzrə müzakirələr aparılacaq

A- A A+

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinə hazırlıq çərçivəsində əsasnamə hazırlanıb, Elmi Komitə və Təşkilat Komitəsi formalaşdırılıb, həmçinin tədbirin rəsmi internet saytı istifadəyə verilib.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirib.

Festival-konqresdə əslən Qərbi Azərbaycandan olan vətəndaşlar, respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri, eləcə də Qərbi Azərbaycan İcmasının, Azərbaycan Respublikasının və qardaş Türkiyə Cümhuriyyətinin elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Azərbaycan və xarici ölkələrin bir sıra aparıcı universitetlərinin rektorları, millət vəkilləri, akademiklər, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Festival-konqres çərçivəsində müxtəlif mövzularda mühazirələr, ustad dərsləri, dəyirmi masalar, film və kitab təqdimatlarının keçirilməsi planlaşdırılır. Rəsmi elektron poçt vasitəsilə daxil olan məqalə və tezislər rəyçilərin yoxlanışından sonra məruzə və nəşr üçün qəbul ediləcək. Konqresdə iştirak yalnız əyani formada təşkil olunacaq.

“Qərbi Azərbaycana qayıdış” elmi konfransı 8 istiqamət üzrə keçiriləcək. Bunlar sırasında Qərbi Azərbaycanın tarixi, mədəni sərvətləri, dil faktları və toponimikası, ədəbiyyatı və folkloru, elm və təhsil mühiti, qayıdışın hüquqi aspektləri, təbiəti və təbii sərvətləri, həmçinin rəqəmsal dünyada tarixi yaddaşın qorunması məsələləri yer alır.

Konfransda Qərbi Azərbaycanda yerləşən arxeoloji abidələr, deportasiya və soyqırımı siyasəti, milli-mədəni irsin qorunması, Qərbi Azərbaycan şivələri və toponimləri, folklor nümunələri, Azərbaycan məktəblərinin fəaliyyəti, beynəlxalq hüquqi müdafiə mexanizmləri, eləcə də virtual muzeylər, rəqəmsal arxivlər və 3D modelləşdirmə layihələri ilə bağlı mövzular müzakirə olunacaq.

Festival-konqres Qərbi Azərbaycanın tarixi həqiqətlərinin elmi əsaslarla araşdırılması, milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: