Dövlət İmtahan Mərkəzi (DİM) ilk dəfə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2019-cu il üçün 1-ci nömrəsini çap edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, "Abituriyent"in xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 7 istiqamətə bölünür:
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq
4. Teatr, kino və xoreoqrafiya sənəti
5. Bədən tərbiyəsi və idman
6. İlahiyyat
7. Jurnalistika
“Xüsusi qabiliyyət imtahanları” jurnalı, həmçinin bu sahələr üzrə tədris aparan təhsil müəssisələri və professor-müəllim heyəti üçün böyük əhəmiyyəti olan bir nəşrdir. Yeni nəşr xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssislərin bu sahəyə yeni gələn abituriyentlərə bələdçi olmaları, bu sahə üzrə formalaşmış uzun illərin zəngin bilik və bacarıqlar toplusunun peşəkar nəsildən gənc nəslə ötürülməsi və bununla da daha hazırlıqlı abituriyent axınını yaratmaq üçün bir fürsətdir.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.