Klassik mənada universitet anlayışı tarixən bilik, intellektual düşüncə və fasiləsiz axtarışla eyniləşdirilmişdir. Lakin qlobal çağırışların fonunda müasir dövrdə universitetin missiyası əvvəlki epoxalarla müqayisədə qat-qat geniş və çoxşaxəli məzmun qazanıb. Bu gün universitet sadəcə auditoriyalarda nəzəri dərslərin tədris edildiyi və dar çərçivəli kadr hazırlığı həyata keçirən müəssisə deyil; o, eyni zamanda fundamental elmin inkişaf etdiyi, mütərəqqi ideyaların meydana gəldiyi, innovativ təfəkkürün formalaşdığı və bütövlükdə cəmiyyətin gələcəyini şərtləndirən canlı akademik ekosistemdir. Ali təhsil ocağını qüdrətli edən başlıca amil də məhz bu mühitin varlığıdır: burada bilik tədqiq edilir, elmi diskurslara çıxarılır, yenilənir və birbaşa tətbiq mexanizmləri qazanır.
Bu konseptual yanaşmadan çıxış edərək, müasir universitet modelində tədris, elm və innovasiya vahid akademik prosesin bir-birini tamamlayan orqanik tərkib hissələri kimi çıxış edir. Əgər tədris prosesi tələbəyə fundamental və baza biliklərini aşılayırsa, elmi-tədqiqat fəaliyyəti həmin bilikləri analitik düşüncəyə, sistemli təhlilə və konkret nəticəyə çevirir. İnnovasiya isə öz növbəsində elmin və tədrisin yaratdığı bu nəhəng potensialı cəmiyyətin və real həyatın praktik ehtiyaclarına yönləndirir. Məhz bu səbəbdən, günümüzdə universitetlərin tərəqqi və inkişaf səviyyəsi daha çox burada təşəkkül tapan elmi mühitin dərinliyi, aparılan tədqiqatların əhatə dairəsi, tələbələrin akademik proseslərə sistemli cəlbi və mütərəqqi ideyaların institusional səviyyədə dəstəklənməsi ilə ölçülür.
Gənclərin ali təhsil dövründə elmi-tədqiqat fəaliyyətinə istiqamətləndirilməsi bu strateji prosesin ən həlledici sütunlarından biridir. Elmi axtarış və tədqiqat tələbənin fərdi dünyagörüşünün hüdudlarını genişləndirməklə yanaşı, onu sadəcə hazır bilikləri mənimsəyən passiv dinləyicidən müstəqil mühakimə yürüdən, maraqlı suallar qoyan, analoji fərqləri görə bilən və tutarlı nəticələr çıxaran obyektiv gənc tədqiqatçıya çevirir. Tədqiqat prosesinə birbaşa cəlb olunan tələbə mənimsədiyi nəzəri müddəaların dərin mahiyyətinə varır, mövcud problemlərin köklü səbəblərini araşdırmağa, dəlil və faktlara əsaslanmağa, ən əsası isə öz müstəqil elmi mövqeyini cəmiyyətə təqdim etməyə can atır. Bu mərhələ isə onun gələcək peşəkar karyerasında həlledici rol oynayacaq fundamental vərdişlərin – analitik təfəkkür, akademik dürüstlük və yazı mədəniyyəti, yüksək təqdimat bacarığı, fərdi məsuliyyət, təşəbbüskarlıq və məsələlərə yaradıcı yanaşma qabiliyyətlərinin bünövrəsini qoyur.
Tam bu məqamda ali təhsil müəssisələrində Tələbə Elmi Cəmiyyətlərinin (TEC) missiyası müstəsna əhəmiyyət kəsb edir. TEC tələbəni elmə cəlb edən, onun ilk cəsarətli tədqiqat addımlarına təşkilati və mənəvi dəstək verən, “elmi rəhbər – tələbə” institusional əməkdaşlığını dərinləşdirən mühüm mexanizmdir. O, gənclərin yerli və beynəlxalq konfranslara, elmi seminarlara, qlobal layihələrə və peşəkar nəşr fəaliyyətinə qoşulması üçün körpü rolunu oynayan əvəzedilməz akademik platformadır.
Məhz bu meyarlar prizmasından yanaşdıqda qürurla qeyd edə bilərik ki, Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti (NDU TEC) Azərbaycanın ali təhsil məkanında özünəməxsus, davamlı və nümunəvi fəaliyyət modeli formalaşdırmağa nail olmuşdur. NDU TEC-in fəlsəfəsinin və fəaliyyət istiqamətinin əsas üstünlüyü ondan ibarətdir ki, burada tələbə elmi birbaşa real akademik inkişaf, qalıcılıq və nəticəyönümlülük kimi fundamental prinsiplər əsasında tənzimlənir. Qurumun fəaliyyət spektri yalnız daxili elmi-tədqiqat işlərinin sadə koordinasiyası ilə məhdudlaşmır; bizim diqqət mərkəzimizdə, eyni zamanda, tələbələrimizin beynəlxalq elmi mühitə fasiləsiz inteqrasiyası, qlobal nəşr imkanlarının artırılması, onların müxtəlif sosial-mədəni və humanitar təşəbbüslərdəki iştirakı, respublika və dünya miqyaslı elmi tədbirlərdəki təmsilçiliyi və hərtərəfli fərdi inkişafı dayanır. Tətbiq edilən bu multidissiplinar yanaşma NDU TEC-i tələbələrin elmi fəaliyyətinə sanballı töhfələr verən aparıcı akademik platforma statusuna qədər yüksəldir.
Son illərin statistik təhlili və əldə olunan nəticələr də seçdiyimiz bu inkişaf xəttinin təsadüfi olmadığını, əksinə, düzgün qurulmuş strategiyanın məntiqi yekunu olduğunu əyani şəkildə isbatlayır. Naxçıvan Dövlət Universitetində bilavasitə elmi-tədqiqatla məşğul olan tələbələrin əyani təhsilalanlara nisbəti 2019–2020-ci tədris ilində cəmi 7,9 faiz təşkil etdiyi halda, ardıcıl aparılan məqsədyönlü tədbirlər nəticəsində bu göstərici dinamik şəkildə artaraq 2020–2021-ci ildə 12,7 faizə, 2021–2022-ci ildə 13,6 faizə, 2022–2023-cü ildə 19,1 faizə, 2023–2024-cü ildə 20,7 faizə, 2024–2025-ci ildə isə 24 faizə yüksəlmişdir. Cari 2025–2026-cı tədris ilində isə biz bu rəqəmin 24,2 faizə çatmasının şahidi oluruq. Təqdim olunan bu konkret rəqəmlər son altı il ərzində gənclərin tələbə elminə və tədqiqata olan marağının təxminən üç dəfəyə qədər artdığını təkzibedilməz fakt kimi ortaya qoyur. Lakin bu inkişafı yalnız kəmiyyətəsaslı uğur kimi qiymətləndirmək və onunla kifayətlənmək əsas məqsədimizlə səsləşmir. Əslində, bu yüksək göstəricilərin arxasında universitetimizdə yaradılan və qorunan sağlam elmi mühit, professor-müəllim heyətinin tələbə tədqiqatlarına verdiyi misilsiz mentorluq dəstəyi və ən əsası, gəncliyin elmə olan inamının sarsılmaz şəkildə güclənməsi faktı dayanır.
Geridə qoyduğumuz 2024–2025-ci tədris ili NDU TEC-in fəaliyyət xronikasında ən məhsuldar və mühüm inkişaf mərhələlərindən biri kimi yadda qalmışdır. Məhz həmin tədris ili ərzində cəmiyyətin təşkilatçılığı ilə cəmi 66 elmi-kütləvi tədbirin həyata keçirilməsi son 8 ilin ən mütləq və yüksək göstəricisi kimi qeydə alınmışdır. Təşkil edilən bu tədbirlərə ümumilikdə 4132 tələbənin fəal şəkildə qatılması tələbə elminin artıq məhdud qruplardan çıxaraq universitet həyatında nə qədər geniş bir auditoriyaya sirayət etdiyini nümayiş etdirir. Buna paralel olaraq, NDU TEC-in fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə təşkilatın yeni loqotipinin hazırlanması və Azərbaycan təhsil məkanında ilk dəfə olaraq rəsmi veb-saytının istifadəyə verilməsi qurumun imicini əhəmiyyətli dərəcədə artırmış, fəaliyyətin ictimaiyyətə daha şəffaf və sistemli şəkildə təqdim olunmasına münbit zəmin yaratmışdır. Daha bir yenilik isə Naxçıvan Muxtar Respublikasının təhsil tarixində bir ilk olaraq, NDU TEC-in birbaşa təşəbbüsü ilə universitetin nəzdində fəaliyyət göstərən Gimnaziyada “Şagird Elmi Cəmiyyəti”nin təsis edilməsi oldu. Bu layihə gələcəyin tədqiqatçılarını universitetə qədəm qoymadan öncə kəşf etmək və onlarda elmi düşüncəni erkən yaşlardan fundamental şəkildə formalaşdırmaq baxımından müstəsna strateji əhəmiyyətə malik bir addımdır.
Bu gün NDU TEC-in prioritet fəaliyyət istiqamətləri sırasında beynəlxalq əlaqələrin genişləndirilməsi xüsusi məna daşıyır. Ötən il Qazaxıstan Respublikasının Asfendiyarov adına Qazax Milli Tibb Universiteti ilə qurulan qarşılıqlı əməkdaşlıq çərçivəsində müvəffəqiyyətlə icra olunan “Medical Science Week” layihəsi bu uğurlu inteqrasiyanın ən bariz nümunəsidir. Qeyd edim ki, 14–21 noyabr tarixlərində reallaşan bu möhtəşəm layihədə 5 müxtəlif ölkənin 8 nüfuzlu ali təhsil müəssisəsindən 400-dən artıq gənc tədqiqatçının və tələbənin qatılmışdı. Eyni zamanda, NDU-nun “Kimya”, “Kimya müəllimliyi”, “Tibb”, “Fizika” və “Fizika müəllimliyi” ixtisaslarında təhsil alan tələbələrinin Danimarka Krallığının Kopenhagen şəhərində keçirilən “PURE PLANET” Tələbələrin və Müəllimlərin Beynəlxalq Müsabiqəsi, Erudit onlayn Beynəlxalq Kimya müsabiqəsi, Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Ən yaxşı tələbə” adlı Beynəlxalq Müsabiqəsi kimi beynəlxalq müsabiqələrdə I yerə və mükafatlara layiq görülməsi də beynəlmiləşmə faktın növbəti tsədiqlərindən biridir.
Bununla yanaşı tələbələrin dil və oxu bacarıqlarının təkmilləşdirilməsi də TEC üçün ən mühüm istiqamətlərdən biridir. Məhz, bu səbəbdən xarici dildə kitab nəşri ilə tanınan “Loqos” Nəşriyyatı ilə əməkdaşlıq çərçivəsində baş tutan, 3 gün ərzində 1700-dən çox insanın ziyarət etdiyi və 5 dildə 60-dan çox kitab çeşidinin sərgiləndiyi “Kitab Sərgisi” tələbələrin intellektual inkişaf səviyyəsinin yüksəldilməsinə, mütaliə və oxu mədəniyyətinin kütləviləşməsinə, eləcə də onların hərtərəfli elmi dünyagörüşünün zənginləşməsinə xidmət edən ən dəyərli sosiomədəni layihələrdən biri kimi yadda qalmışdır.
Məlumdur ki, tələbə elminin beynəlxalq rəqabətədavamlılıq səviyyəsini müəyyən edən əsas indikatorlardan biri məhz tədqiqatların nüfuzlu platformalarda nəşr fəaliyyətidir. 2025-ci il ərzində Naxçıvan Dövlət Universitetinin bakalavriat səviyyəsində təhsil alan tələbələri tərəfindən həm ölkədaxili, həm də xarici ölkələrdə təşkil edilən elmi konfranslarda, o cümlədən beynəlxalq jurnallarda ümumilikdə 159 yüksək impakt faktorlu elmi məqalə dərc edilmişdir. Məsələnin ən diqqətçəkən məqamı isə ondan ibarətdir ki, bu məqalələrin 52 faizi məhz 15-dən çox xarici ölkədə çap olunan nəşrlərin payına düşür. Bu fakt birmənalı olaraq gənc tədqiqatçılarımızın xarici dil biliklərinin və məqalə yazma bacarıqlarının yüksəldiyini, beynəlxalq elmi ictimaiyyətə çıxış imkanlarının xeyli genişləndiyini təsdiqləyir. 2024-cü ildə müvafiq göstəricinin cəmi 50 olduğunu nəzərə aldıqda, yalnız bir tədris ili ərzində bu istiqamətdə təqribən 3,18 dəfəlik artımın qeydə alınması universitetimizin elmi strategiyasının mütləq qələbəsidir. Bizi daha da qürurlandıran və sevindirən ən mühüm amil isə odur ki, 2025-ci ildə birbaşa tələbələrimizin müəllifliyi ilə tibb və təbiət elmləri sahəsində 3 elmi məqalə dünyanın ən nüfuzlu elmmetrik bazaları olan Scopus və Web of Science platformalarında indekslənən Q1, Q2 və Q4 kvartilli beynəlxalq jurnallarda uğurla çap edilmişdir. Əldə olunan bu yüksək elmi nəticələr tələbə elminin universitetimizdə yalnız statistik və kəmiyyət xarakteri daşımadığını, onun keyfiyyət baxımından ən yüksək qlobal mərhələyə, peşəkar elm müstəvisinə qədəm qoyduğunu nümayiş etdirir.
Tam məsuliyyətlə qeyd etmək lazımdır ki, NDU TEC öz konseptual fəaliyyətində tələbələrin yalnız elmi inkişafını hədəfləmir; paralel olaraq, gəncliyimizdə milli-mənəvi dəyərlərin qorunması, sarsılmaz vətənpərvərlik ruhunun gücləndirilməsi, dövlətə və cəmiyyətə qarşı yüksək sosial məsuliyyət hissinin aşılanması fəaliyyətimizin əsas qayəsini təşkil edir. Məhz bu məqsədlə, artıq iki ildir ki, Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə ali məktəbimizdə ənənəvi olaraq “Ulu Öndərin Xatirə Həftəsi” xüsusi olaraq hazırlanmış geniş və dolğun proqram əsasında silsilə tədbirlərlə qeyd olunur. Bu həftənin məzmun çərçivəsində müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin ictimai-siyasi və dövlətçilik irsinin dərindən öyrənilməsinə həsr olunan tematik ekskursiyalar təşkil edilir, sənədli film nümayişləri həyata keçirilir, tələbələrin fəal iştirakı ilə elmi panel müzakirələri və dəyirmi masalar reallaşdırılır. Keçirilən bu xarakterli tədbirlər tələbələrimizin sadəcə dar profilli bir tədqiqatçı kimi deyil, eyni zamanda dərin milli təfəkkürə, tarixi dövlətçilik ənənələrinə sadiq və dərin ictimai məsuliyyətə sahib kamil bir vətəndaş olaraq formalaşmasına misilsiz xidmət edir.
Cari 2025–2026-cı tədris ili isə Naxçıvan Dövlət Universitetinin tələbə elmi fəaliyyətinin tamamilə yeni keyfiyyət indikatorları ilə zənginləşdiyi bir dövr kimi xarakterizə edilməlidir. Qeyd edə bilərik ki, təkcə bu tədris ilində ali məktəbimizin 647 nəfər professor-müəllim heyətinin birbaşa elmi rəhbərliyi altında 1775 nəfər tələbəmiz elmi-tədqiqat fəaliyyətinə cəlb edilmiş və qısa müddət ərzində ümumilikdə 1771 müxtəlif mövzulu elmi-tədqiqat işi müvəffəqiyyətlə yerinə yetirilmişdir. Vurğuladığımız bu göstəricilər universitetdə hazırda əyani əsaslarla təhsil alan tələbələrin 24,2 faizini əhatə edir. Eyni zamanda, ali məktəbimizin professor-müəllim heyətinin ümumi tərkibinin 86 faizinin bu prosesdə gənc tədqiqatçılara elmi rəhbər qismində yaxından və təmənnasız iştirakı həyata keçirilən bu missiyanın nə qədər sistemli akademik dəstəyə malik olduğunu təsdiq edir.
Mövcud tədris ilində elmi-tədqiqatla aktiv məşğul olan tələbə kontingentinin kurslar üzrə bölgüsü də tədqiqat fəlsəfəmizin uğurunu əks etdirən olduqca müsbət və fərqli bir mənzərə yaradır. Belə ki, bu prosesə I kursdan 485, II kursdan 518, III kursdan 413, IV kursdan 319 və yekun V kursdan 29 və hazırlıq səviyyəsindən isə 5 tələbə qatılmışdır. Təqdim olunan reytinq xüsusi bir məqama işıq salır: gənclərin elmi yaradıcılığa, araşdırmaçılığa olan marağı və cəlb olunması məhz ali təhsilin ən erkən – ilk illərindən etibarən uğurla təməlləndirilir. Konkret olaraq I və II kurs tələbələrinin prosesdəki yüksək fəallığı bizə tam əsas verir ki, gələcək illərdə elmi rəqabətə daha hazırlıqlı, motivasiyası daha yüksək olan, tədqiqat və analiz bacarıqları çox erkən mərhələdə formalaşmış yeni, peşəkar tələbə və alim kontingenti yetişəcəkdir.
Gender bərabərliyi və bölgüsü prizmasından da nəticələrimiz olduqca maraqlıdır. 2025–2026-cı tədris ilində elmi-tədqiqat fəaliyyətinə qoşulan tələbələrin 72,56 faizini xanımlar, 27,44 faizini isə bəylər təşkil etmişdir. Bu rəqəmlər qadın tələbələrimizin nəinki cəmiyyətdə, eləcə də universitetin bilavasitə elmi həyatında necə yüksək əzmkarlıq və mütərəqqi fəallıq nümayiş etdirdiklərinin parlaq sübutudur. Bununla bərabər, prosesə cəlb edilənlərin 66 nəfərinin əcnəbi vətəndaş olması Naxçıvan Dövlət Universitetində tələbə elmi mühitinin nə dərəcədə inklüziv olduğunu və beynəlxalq tələbə kontingentini də eyni dərəcədə əhatə edib fayda verdiyini göstərir. Fakültələr üzrə ən yüksək elmi fəallıq isə 228 tələbə ilə bilavasitə Tibb fakültəsinin, kafedralar üzrə isə 78 fəal tədqiqatçı tələbə ilə “Klinik fənlər və hərbi tibb” kafedrasının payına düşür.
TEC-in fəaliyyət mexanizminin ən kritik komponenti olan qiymətləndirmə prosesi də bu il ciddi yeniliklərə məruz qalmışdır. 2025–2026-cı tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin Yekun Konfransına tətbiq etdiyimiz yeni yanaşmalar xüsusi qeyd olunmalıdır. Bu il konfransa təqdim edilən yüzlərlə tədqiqat işinin birmənalı olaraq yeni akademik tələblər və standartlar səviyyəsində, ədalətli ölçülməsi üçün vahid və dəqiq qiymətləndirmə təlimatı və xüsusi qiymətləndirmə blankı hazırlanmışdır. Konfransın həlledici turu olan universitet turunda bütün qiymətləndirmə prosesi tam konfidensiallıq və obyektivlik prinsipi qorunmaqla, hörmətli rektorumuzun müvafiq rəsmi əmri əsasında xüsusi olaraq formalaşdırılmış Akademik Fəaliyyətin Qiymətləndirilməsi Komissiyası tərəfindən həyata keçirilmişdir. Qeyd edə bilərik ki, bu yeni tənzimləmə mexanizmi TEC konfransına daha obyektiv, daha məsuliyyətli, şəffaf və yüksək peşəkarlığa əsaslanan qiymətləndirmə mədəniyyəti qazandırdı.
Fəaliyyətimizdə cari il ərzində uğurla tətbiq olunan digər mühüm strateji yenilik isə bilavasitə tələbə tədqiqatlarında praktik-tətbiqi komponentin əsaslı şəkildə gücləndirilməsi ilə bağlıdır. Xüsusilə yaradıcı xarakter daşıyan “Texnologiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Rəngkarlıq”, “Dizayn” və “Memarlıq” ixtisaslarında təhsil alan tələbələrimiz artıq elmi araşdırmalalrını sadəcə nəzəri olaraq deyil, birbaşa real praktik işlər, maketlər və layihələr hazırlamaqla əyani şəkildə həyata keçirmişlər. Bu yeni yanaşma universitetimizdə tələbə elminə sözün əsl mənasında yeni nəfəs və dinamika gətirmişdir. Xüsusilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi kontekstində tətbiq etdiyimiz bu yenilik bu baxımdan da əhəmiyyət daşımaqla bərabər, tələbə elminin tətbiqi, modern, yaradıcı və mütərəqqi innovativ xarakterini qat-qat gücləndirir.
Prosesin ardıcıl xarakterini sübut edən digər fakt isə ondan ibarətdir ki, 2026-cı ilin hətta ilk aylarında qeydə alınan yeni elmi nəticələr əldə etdiyimiz bu tərəqqinin müvəqqəti deyil, tamamilə davamlı və dayanıqlı inkişaf trendi olduğunu bir daha təsdiqlədi. Bu qısa hesabat dövründə “Dövlət və ictimai münasibətlər”, “Tibb (tədris tam ingilis dilində)” və “Beynəlxalq ticarət və logistika” proqramlarında təhsil alan tələbələrimizin 4 məqaləsinin Scopus kimi beynəlxalq elmmetrik bazalarda indekslənməsi Naxçıvan Dövlət Universitetində gənclərin tədqiqat potensialının beynəlxalq akademik standartlarla ayaqlaşdığını nümayiş etdirir. Bununla yanaşı 2025-2026-cı tədris ilində TEC xətti ilə paparılan elmi tədqiqat işlərinin Yekun Konfransının nəticələrinə əsasən, 10 tələbə universitet üzrə I, 10 tələbə II, 20 tələbə 3-cü, 6 tələbə isə “həvəsləndirici yer”ə layiq görülmüş, universitet üzrə I yerə layiq görülən “Kimya” və “Psixologiya” ixtisası tələbəsinin hazırladığı 2 layihə ilə bağlı patentə müraciət edilmiş və ilkin olaraq tələbələr tərəfindən hazırlanmış 10-dan artıq məqalənin Scopus və Web of Science elmmetrik bazalarında qeydiyyatda olan jurnallara, 100-dən çox məqalənin isə digər yüksək impact faktorlu jurnallara nəşr üçün göndərilmişdir. Qeyd etmək yerinə düşər ki, tələbələr apardıqları elmi-tədqiqatlarda ən çox süni intellekt və onun tətbiqləri, Qərbi Azərbaycan həqiqətləri, Naxçıvan Muxtar Respublikasının tarixi, qədim memarlıq irsi, coğrafiyası, təbiəti, incəsənəti, kulinariyası, görkəmli şəxsiyyətləri kimi aktual mövzulara yer vermişdirlər.
Aparılan bütün bu məntiqi və elmi-statistik təhlillər vahid bir reallığı ortaya qoyur: NDU TEC-in fəaliyyəti tələbələrə ali tribunadan öz ideyalarını ifadə etmək, müstəqil tədqiqat aparmaq, nəticə əldə etmək, beynəlxalq arenaya çıxmaq və ən əsası, cəmiyyətdə özünü gənc bir “elm adamı” olaraq sınaqdan keçirmək üçün unikal imkanlar yaradır.
Yekun olaraq bildirmək istəyirəm ki, Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti son illərdəki əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, elmmetrik bazalardakı yüksək nəşr dinamikası, tələbə kütləsinin bu fəaliyyətə könüllü və total cəlbi, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi və tam praktik yönümlü tədqiqat yanaşmaları ilə müasir Azərbaycan ali təhsil məkanında qürurla qeyd ediləcək nümunəvi bir TEC modeli formalaşdırmışdır. Sözsüz ki, bu modelin fəlsəfi dayağı bir amilə bağlıdır: Ən böyük kapitalımız olan tələbələrin bizə verdiyi ali dəyərə.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri
