NDU Beynəlxalq Kembric Məktəbinin şagirdlərindən HIPPO Olimpiadasında uğurlu nəticə - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Milli Final mərhələsinin nəticələri elan olunub.
3 may tarixində Azərbaycan Texniki Universitetində keçirilən Milli Final mərhələsində ölkə üzrə ümumilikdə 428 şagird iştirak edib. Yekun nəticələrə əsasən, adi və xüsusi kateqoriyalar üzrə 84 şagird Bakıda təşkil olunacaq Regional Final mərhələsində iştirak hüququ qazanıb.
Naxçıvan Dövlət Universiteti nəzdində Beynəlxalq Kembric Məktəbinin VII və II sinif şagirdləri də bu nüfuzlu olimpiadada yüksək nəticə göstərərək medalçılar sırasında yer alıblar.
VII sinif şagirdlərindən Asif Axundzadə qızıl medal, Şəms İsayeva və Məhəmməd Yaqubov bürünc medal, II sinif şagirdlərindən Atilla Həsənli və Ayan İsmayıl qızıl medal, İnci Bağırlı isə gümüş medal qazanıb.
Qeyd edək ki, HIPPO Olimpiadasının Regional Final mərhələsi bu il Bakı şəhərində keçiriləcək. Bu mərhələdə Azərbaycanla yanaşı Əfqanıstan, Belarus, Kamboca, Misir, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Küveyt, Oman, Pakistan, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistandan olan şagirdlərin iştirakı nəzərdə tutulur.
Olimpiadanın ən yüksək mərhələsi olan Grand Final isə 80-dən çox ölkənin iştirakı ilə İtaliyanın tarixi Spoleto şəhərində təşkil olunacaq.