Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın (DPK) təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib.
Aİİ-dən NUHÇIXAN-a bildirilib ki, DPK Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılıb və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilib.
Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod ilə müsahibə əsasında müəyyənləşdirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən islamşünaslıq üzrə ixtisas seçimində iştirak edə bilərlər. Onlar abituriyetlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə buraxılmayacaq.
Qabiliyyət imtahanında abituriyentlərin aşağıda qeyd olunan istiqamətlərdə bilikləri qiymətləndiriləcək:
- dünyagörüşü və dini bilikləri;
- dini baxışlar və dünyəvilik anlayışı;
- psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu;
- tolerantlıq və multikulturalizm təsəvvürləri.
Xatırladaq ki, Aİİ-nin islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 27-dən avqustun 2-dək qabiliyyət imtahanı verəcəklər.