NDU-da dövlət siyasətinin akademik təzahürü - FOTOLAR

A- A A+

Müasir dövrdə elm və təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də dövlətin strateji inkişaf hədəflərinə uyğun elmi mühit formalaşdırmaq, aktual  təşəbbüsləri dəstəkləməkdir. Naxçıvan Dövlət Universitetində keçirilən beynəlxalq və regional konfranslar da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Universitetin ev sahibliyi etdiyi tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi, həmçinin rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin gücləndirilməsi ilə bağlı müəyyən etdiyi strateji istiqamətlərə, eləcə də 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasından irəli gələn vəzifələrə elmi müstəvidə dəstək verməsi ilə diqqət çəkir.

2026-cı ilin may ayında Naxçıvan Dövlət Universitetində  “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV respublika elmi konfrası, “Süni intellekt: nəzəriyyədən praktikaya” III beynəlxalq elmi konfrans, memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm” konfransı (ICCHST – Naxçıvan 2026) və “2025–2026-cı tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin Yekun Konfransı” və “Magistrantların XV Regional konfransı” keçirildi.

Hələ 100 il əvvəl Cavid əfəndi yazırdı:

Turana qılıncdan daha kəskin ulu qüvvət,

Mədəniyyət, mədəniyyət, yalnız mədəniyyət!

Bəli, mədəniyyəti, elmi ilə parlayan dövlətlər daha güclü olurlar. Biz II Qarabağ müharibəsində qılınc gücümüzü dünyaya tanıtmışıq, indi isə növbə elmdə, mədəniyyətdədir. Keçirilən bu konfransların hər biri adlarından da göründüyü kimi, dövlət-elm birliyinin sübutudur. Azərbaycan dili milli kimliyin və mənəvi yaddaşın daşıyıcısı kimi, süni intellekt rəqəmsal gələcəyin əsas aləti, mədəni irs və memarlıq keçmişlə gələcək arasında körpü, gənc tədqiqatçılar isə bütün bu proseslərin davamçıları kimi çıxış edirlər.

Naxçıvan Dövlət Universitetində keçirilən bu konfranslar dövlət siyasətinin prioritet istiqamətlərinin elmi müstəvidə təbliği, müzakirəsi və inkişafına xidmət edən mühüm platformalardır. Burada səsləndirilən ideyalar və aparılan tədqiqatlar Azərbaycanın milli-mənəvi dəyərlərə söykənən, yeniliklərə açıq və dayanıqlı inkişaf modelinin formalaşmasına öz töhfəsini verdi.

Bütün bu konfransların əsas iştirakçılarından biri kimi onların hər birini ayrı-ayrılıqda təhlil etməyə çalışacağam.

 Əvvəlcə 1-2 may tarixlərində keçirilən “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda keçirilən IV Respublika elmi konfransına nəzər salaq. Konfransın açılış mərasimində bir-birindən maraqlı çıxışlar, məruzələr dinlədik. İxtisasından asılı olmayaraq bu konfransın hər bir iştirakçısı özü üçün faydalı nəticələr çıxara, yeni yanaşmalarla tanış olub müxtəlif qeydlər götürə bilərdi.

NDU-nun rektoru Elbrus İsayev çıxışında Ana dilimizlə  bağlı görüləsi işlərdən danışdı, ən əsası, bir sıra təkliflər irəli sürdü. Bu təkliflər arasında Azərbaycan dilinin tədrisində innovativ yanaşmaların tətbiqi, rəqəmsal resurslarda və elektron platformalarda ana dilindən istifadənin genişləndirilməsi, gənclər üçün yeni imkanların yaradılması xüsusi aktuallığı ilə seçilirdi. Eyni zamanda dil normalarını qoruyan mətnlər üzərində işləmək, ali və ümumtəhsil məktəbləri üçün yeni proqramların yaradılması, eləcə də müasir qiymətləndirmə meyarlarının tətbiqi ilə bağlı fikirlər sadəcə nəzəri mülahizə deyil, həm də gələcək fəaliyyət üçün konkret yol xəritəsi təsiri bağışlayırdı. Xüsusilə, süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin rəqəmsal məkanda mövqeyinin gücləndirilməsi ilə bağlı səsləndirilən təkliflər konfransın ən yaddaqalan məqamlarından biri oldu.

Konfrans bizi Ana dilimizə daha məsuliyyətli yanaşmağa, ağzımızdan, qələmimizdən çıxan hər bir sözü bir daha sorğulamağa təşviq edirdi. Dilçi-alimimiz Nadir Məmmədlinin sadəliklər içində gizlənən incə məqamlara diqqət çəkməsi xüsusilə, maraq doğurdu. Məsələn, birinə “Sənə qarşı hörmətim var” deyilməz, qarşı hörmətmi olar? Bu və bu kimi bir çox maraqlı məqamlar…

Qeyd edim ki, konfransın bölmə iclaslarında 2 gün ərzində 6 istiqamət üzrə 12 bölmədə 20 elm və təhsil müəssisələrindən 110 əməkdaşın 97 məruzəsi təqdim olundu. İndi biz bu cümlədə ancaq rəqəmləri görürük, illər sonra nəticələrin də danışacağına əminik. Təkcə bir konfransda Ana dili ilə  bağlı 97 məruzə heç də az deyil. Nəzərə alaq ki, bu 97 konfrasın hər biri ayrı-ayrılıqda neçə-neçə tədqiqat mövzusunun əsas qaynağı ola bilər.

Azərbaycan dilinə həsr olunan konfransdan sonra diqqət elmin və texnologiyanın ən sürətlə inkişaf edən istiqamətlərindən birinə – süni intellektə yönəldi. “Süni intellekt: nəzəriyyədən praktikaya” III Beynəlxalq Elmi Konfransı göstərdi ki, bu sahə artıq gələcəyin deyil, bu günün reallığıdır və ali təhsil müəssisələri bu prosesdə aparıcı rol oynamağa hazır olmalıdır.

Konfransın diqqətçəkən məqamlarından biri tələbələrin innovativ layihələrindən ibarət sərgi oldu. Ağıllı şəhər modelləri, ekoloji həllər, təhlükəsizlik sistemləri və digər texnoloji layihələr süni intellektin nəzəri müzakirələrdən kənara çıxaraq praktik tətbiqlərə çevrildiyini nümayiş etdirirdi. Bu, həm də universitetdə formalaşan innovasiya mühitinin real göstəricisi idi.

Naxçıvan Dövlət Universiteti, sözün əsl mənasında, zamanın nəbzini tutan ən qabaqcıl universitetlərdən biri kimi, bütün bu dəyişikliklərlə ayaqlaşır. Konfrans zamanı bu ali təhsil ocağında gələcəkdə süni intellektlə bağlı yeni ixtisasların açılmasının nəzərdə tutulduğu, bu sahədə fəaliyyət göstərəcək ofis və innovasiya məkanlarının yaradılması istiqamətində işlər aparıldığı diqqətə çatdırıldı. Həmçinin bildirildi ki, ilin sonunadək IBM Mərkəzinin yeni ofisinin istifadəyə verilməsi planlaşdırılır. NDU-da hazırda əksər ixtisaslarda süni intellekt ayrıca fənn kimi tədris olunur, bu tələbələrin gələcəyə daha təkmil hazırlanmalarında mühüm rol oynayır.

Konfrasda vurğulandı ki, ilkin alqoritmlər, proqramlaşdırma modelləri və süni intellekt anlayışları ilə müxtəlif yaş qrupları mərhələli şəkildə tanış olmalıdır. Məsələn, 6–10 yaş, 11–17 yaş və 17 yaşdan sonrakı universitet dövrü üzrə fərqli yanaşmalar müəyyənləşdirilməli, hər yaş dövründə gənclərin hansı süni intellekt bilik və bacarıqlarına yiyələnməli olduqları aydın şəkildə izah olunmalıdır.

Konfrasnın bölmə iclasların Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən elm və təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn iştirakı ilə ümumilikdə 4 salonda, 12 istiqamət üzrə baş tutub. 21 bölmə üzrə keçirilən panellərdə respublikamızdan və xaricdən qatılan 34 elm-təhsil müəssisəsindən 264 əməkdaşın 148 məruzəsi təqdim olunub. Eyni zamanda tələbə bölməsində 82 tələbənin 38 məruzəsi dinlənilib. 

Konfrans bir daha göstərdi ki, süni intellekt dövrünün əsas çağırışı texnologiyanı izləməklə yanaşı, onu yaradan və idarə edən insan resursunu formalaşdırmaqdır. Naxçıvan Dövlət Universitetində keçirilən bu beynəlxalq elmi tədbir də məhz bu məqsədə xidmət edərək elm adamlarını, mütəxəssisləri və gənc tədqiqatçıları ortaq müzakirə platformasında bir araya gətirdi. Səsləndirilən ideyalar və irəli sürülən təşəbbüslər süni intellekt sahəsində elmi potensialın gücləndirilməsinə, innovativ düşüncənin təşviqinə və ölkəmizin rəqəmsal gələcəyinə töhfə verəcək mühüm addımlar kimi dəyərləndirilə bilər.

Magistrantların XV Regional Konfransı isə gənc alimlərin elmi potensialının üzə çıxarılması, yeni tədqiqat əlaqələrinin qurulması və gələcəyin elmi kadrlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyan tədbir kimi yadda qaldı. Konfrans bir daha təsdiqlədi ki, ölkənin elmi inkişafının əsas təminatlarından biri bilikli, təşəbbüskar və araşdırma ruhuna malik gənc nəslin yetişdirilməsidir.

“2025–2026-cı tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin Yekun Konfransı”nda cari tədris ilində 1775 tələbə tərəfindən 1771 elmi-tədqiqat işi yerinə yetirilib. Son 9 ildə   NDU-da elmi fəaliyyətlə məşğul olan tələbələrin sayı təxminən 5 dəfə artıb. Elmi-tədqiqatla məşğul olan tələbələrin təxminən 5 faizini isə əcnəbi tələbələr təşkil edir. Tələbələrin elmi tədqiqata cəlb olunması universitetimizin əsas uğurlarından biridir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – NAXÇIVAN 2026) Naxçıvanın tarixi-mədəni irsi ilə tanışlıqla başladı.

Naxçıvanın möcüzəvi şəfa ocağı olan Duzdağ Müalicə Mərkəzinə, dünyaca məşhur, möcüzəvi və sirli məkanlarından olan Əshabi-Kəhf ziyarətgahına, Ordubad rayonunda - Zəngəzur dəhlizinə yaxın ərazidə yerləşən Kotam kəndinə səfər təşkil edildi.

Ordubadın Sərşəhər və digər qədim məhəllələrinə səfər edən qonaqlar şəhərin tarixi memarlıq mühiti, qədim yaşayış ənənələri və özünəməxsus şəhərsalma xüsusiyyətləri ilə yaxından tanış olub, Qeysəriyyə muzeyini, tarixi məhəllə meydanlarını və qədim küçələri ziyarət etdilər.

I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – NAXÇIVAN 2026) çərçivəsində təşkil olunan bu səfər konfransın əsas məqsədlərinə uyğun olaraq, mədəni irsin yalnız elmi müstəvidə müzakirəsini deyil, həm də onun real məkanlarda nümayişini təmin etdi.

Konfransda diqqət çəkən məqamlardan biri mədəni irs, şəhərsalma və turizmin bir-biri ilə qarşılıqlı əlaqədə təqdim olunması idi. Çıxışlarda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, tarixi-mədəni irsin müasir yanaşmalar əsasında qorunması məsələləri geniş müzakirə olundu. Bu baxımdan tədbir yalnız elmi fikir mübadiləsi deyil, həm də ölkədə həyata keçirilən şəhərsalma siyasətinin akademik müstəvidə qiymətləndirilməsi üçün mühüm platformaya çevrildi.

Eyni zamanda konfrans mədəni irsin qorunmasının turizmin inkişafı ilə vəhdətdə nəzərdən keçirilməsinin vacibliyini ortaya qoydu. Universitetlər, tədqiqatçılar və sahə mütəxəssisləri tərəfindən irəli sürülən fikirlər göstərdi ki, tarixi-mədəni irsin rəqəmsallaşdırılması, elmi tədqiqi və beynəlxalq səviyyədə tanıdılması dayanıqlı turizmin inkişafına mühüm töhfə verə bilər.

Beləliklə, I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı Memar Əcəminin zəngin irsinin təbliği ilə yanaşı, mədəni irsin qorunması, müasir şəhərsalma yanaşmaları və dayanıqlı turizmin inkişafı istiqamətində yeni elmi baxışların formalaşdırılmasına xidmət edən əhəmiyyətli beynəlxalq platforma kimi yadda qaldı.

Naxçıvan Dövlət Universiteti həm də elmlə sənəti birləşdirən ali təhsil və mədəniyyət ocağıdır. Elə buna görə də may ayında keçirilən konfranslar yalnız elmi müzakirələrlə yadda qalmadı. Hər bir tədbirin bədii hissəsi iştirakçılara göstərdi ki, elm və sənət əslində bir-birini tamamlayan iki böyük dəyərdir.

Konfrans salonlarında süni intellektin gələcəyi, Azərbaycan dilinin inkişaf perspektivləri, şəhərsalma, memarlıq və turizmin aktual problemləri müzakirə olunarkən səhnədən yüksələn musiqi sədaları bu mühitə xüsusi rəng qatırdı. Bir tərəfdən texnologiyanın və innovasiyanın yaratdığı yeni imkanlar haqqında düşünür, digər tərəfdən cazın ritmləri və musiqinin ahəngi ilə mənəvi rahatlıq tapırdıq. Bir tərəfdən Memar Əcəminin yaratdığı möhtəşəm irsin böyüklüyünü yenidən dərk edir, digər tərəfdən “Sazın sədası” proqramında xalqımızın əsrlərdən süzülüb gələn ruhunu hiss edirdik.

Bəlkə də universitet mühitinin gözəlliyi elə bundadır: burada elm insanı düşündürür, sənət isə düşündüklərinə məna və duyğu qatır. May ayında Naxçıvan Dövlət Universitetində keçirilən konfranslar məhz bu harmoniyanın parlaq nümunəsinə çevrildi.

Gülay Tahirli

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: