Görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyevin 75 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən “Akademik İsmayıl Hacıyev: biblioqrafiya” adlı biblioqrafik göstərici hazırlanıb.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafiyanın elmi məsləhətçisi və ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, tərtibçisi baş biblioqraf Türkan Vahidova, redaktorları isə filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Nərgiz Novruzovadır.
Biblioqrafiyanın əvvəlində Prezident İlham Əliyevin akademikin “Əməkdar elm xadimi” fəxri adı, “Şöhrət” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları ilə təltif edilməsi haqqında Sərəncamları, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, AMEA Rəyasət Heyətinin müvafiq sərəncam və qərarları yer alıb.
“Elm” nəşriyyatında nəfis tərtibatda işıq üzü görən nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin “Elmin və şəxsiyyətin vəhdəti” başlıqlı ön söz xarakterli məqaləsi, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin “Elmi-pedaqoji fəaliyyətin mənalı illəri” adlı yubiley yazısı yer alıb.
Biblioqrafik göstərici akademikin “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri”, “Görkəmli elm və mədəniyyət xadimləri İsmayıl Hacıyev haqqında”, “Əsərlərinin biblioqrafiyası”, “Azərbaycan Respublikası Milli Məclisinin iclas və sessiyalarda çıxışları”, “Redaktoru, rəyçisi və elmi məsləhətçisi olduğu nəşrlər”, “Elmi məsləhətçisi, elmi rəhbəri və opponent olduğu dissertasiyalar”, “Həyatı və yaradıcılığı, elmi-ictimai fəaliyyəti haqqında” adlı 7 bölmədən ibarətdir.
Nəşr akademik İsmayıl Hacıyevin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini, əsərlərinin biblioqrafiyasını, həmçinin haqqında yazılmış mənbələri əhatə edir.
Bundan əlavə, nəşrdə akademik İsmayıl Hacıyevin haqqında yazılan oçerklər, 1990-2025-ci illərdə nəşr olunmuş elmi əsərlərinin - monoqrafiyaları, kitabları, o cümlədən həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri haqqında məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də verilib.
Biblioqrafiyanın sonunda verilən “Soraq-axtarış aparatı” isə alimin əsərləri, müştərək müəlliflər və haqqında yazan müəlliflər üzrə axtarışı oxucular üçün asanlaşdırır.
Akademik İsmayıl Hacıyev Azərbaycan tarixinin aktual problemlərinə dair 600-ə yaxın elmi əsərin, o cümlədən 42 kitabın, 15 monoqrafiyanın, 300-dən artıq elmi-kütləvi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 21 nəfər tədqiqatçı fəlsəfə doktoru, 10 nəfər elmlər doktoru dissertasiyası müdafiə edib. Görkəmli alim 30-dan çox ölkədə keçirilən 60-a yaxın beynəlxalq sammit, qurultay, konqres, konfrans və simpoziumlarda, elmi tədbirlərdə məruzələrlə Azərbaycan tarix elmini uğurla təmsil edib. Bütün bunları nəzərə alaraq biblioqrafiya tarixçilər, bu sahə üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün etibarlı və zəngin mənbədir.
